Yunanıstan Türkiyəyə meydan oxudu: Ankaranın cavabı necə olacaq?
Dünya
216
07:46, Bu gün

Yunanıstan Türkiyəyə meydan oxudu: Ankaranın cavabı necə olacaq?

Yunanıstan “Egey dənizini qurudan bağlamaq” üçün adalarda yüzlərlə, bəlkə də minlərlə mobil raket sistemləri yerləşdirəcək. Bunu  Yunanıstanın müdafiə naziri Nikos Dendias deyib. 
Dendias bildirib ki, yeni “Axil qalxanı” layihəsi çərçivəsində Egey adalarına və Türkiyə-Yunanıstan sərhədinə beş növ raket sistemi yerləşdiriləcək, bu da həm dənizi, həm də hava məkanını əhatə etməyə imkan verəcək. Rəsmi Afinanın bu addımı ekspertlər tərəfindən Türkiyəyə açıq meydan oxumaq kimi qiymətləndirilir.
 
Bəs Türkiyə Yunanıstanın bu hərbi addımlarına necə cavab verəcək? NATO daxilində iki üzv ölkənin hərbi qarşıdurma həddinə yaxınlaşması Alyans üçün nə deməkdir?
 
Moderator.az-a danışan türkiyəli politoloq Engin Ozer deyib ki, tərəflər arasında bu cür gərginliklər vaxtaşırı, əsasən adalar üzərində yaşanır:
 
 “Bununla yanaşı, Türkiyə və Yunanıstan arasında ən böyük problemlərdən biri də hava məkanı məsələsidir. Hər iki ölkənin hərbi təyyarələri bir-birinin hava sahəsinə daxil ola bilir, lakin bu, müharibəyə çevriləcək bir məsələ deyil. Bir neçə il əvvəl Rusiyadan alınan “S-300” sistemlərinin Yunan adalarına yerləşdirilməsi ilə bağlı cəhd olundu. Lakin Türkiyənin güclü təzyiqi nəticəsində bu qərardan geri çəkildilər.  İndi yenidən belə bir vəziyyət yaranırsa, bu, əvvəlki kimi təkrarlana bilər. Çünki beynəlxalq hüquq Türkiyə–Yunanıstan münasibətlərində adaların belə silahlardan tamamilə təmizlənməsi barədə qəti mövqe ortaya qoyur. Bu addımlar böyük ehtimalla Yunanistanın daxili ictimaiyyətinə hesablanan bir nümayiş xarakteri daşıyır. Türkiyənin göstərəcəyi təzyiq nəticəsində Yunanistanın geri addım atacağı gözləniləndir. Ankara belə bir addıma əsla icazə verə bilməz. Tərəflər arasında gərginlik silahlı qarşıdurmaya çevrilməsə də, NATO vasitəsilə və ya Türkiyənin birbaşa müdaxiləsi ilə bu qərarın ləğvi ehtimalı böyükdür. Bu səbəbdən iki NATO üzvü arasında real silahlı toqquşma gözləmək düzgün olmaz. Türkiyə buna qətiyyən imkan verməz. Onsuz da hüquqi baxımdan beynəlxalq mövqe də Türkiyənin tərəfindədir”.
 
Mehin Mehmanqızı
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər