"Mütəxəssislər bildirir ki, H5N5 və H5N1 ştammlarının mutasiya sürəti insanlara keçid riskini artırır və xəstəliyin ağır keçməsi ölümcüllüyü 50 faizə qədər yüksəldə bilər..."
Dünyanın aparıcı elmi mərkəzləri quş qripinin yeni mutasiyaları barədə ciddi xəbərdarlıq edir.
Moderator.az xəbər verir ki, bu barədə "derspiegel.com" nəşri yazıb.
Nəşrin yazdığına görə, xüsusilə H5N5 ştammı artıq uzun illərdən sonra yalnız quşlar üçün deyil, məməlilər üçün də təhlükəyə çevrilib və nəzəri baxımdan insandan-insana ötürülməyə uyğunlaşa bilər.
Fransada quş qripinin H5N5 növü ilə əlaqəli ilk təsdiqlənmiş insan ölümü bu riskin artıq nəzəriyyədən çıxaraq real situasiyaya çevrildiyini göstərir. Alimlərin sözlərinə görə, virus gözləniləndən daha sürətlə dəyişir, növlərarası baryerləri aşır və insan immunitetinə tamamilə yad olduğuna görə ağır fəsadlar yarada bilər.
Pastrr İnstitutunun məlumatına görə, virusun potensial ölüm göstəricisi yoluxanların yarısına qədər çata bilər. Bu isə COVID-19-dan daha ağır qlobal epidemiya ssenarisini gündəmə gətirir. Mütəxəssislər xüsusilə sağlam və gənc insanların belə risk altında ola biləcəyini bildirirlər, çünki bu ştamm qarşısında heç kimin hazır immun müdafiəsi yoxdur.
H5N1 və H5N5-in yayılması: yeni risk mənbəyi
Son iki ildə dünya quş qripinin ən böyük epidemiyasını yaşayır. Yalnız yüksək patogen H5N1 ştammı yüz milyonlarla quşun məhv edilməsinə səbəb olub. Almaniyada yaxın günlərdə daha 1,5 milyon quşun məhv edilməsi qərarı bunun göstəricisidir.
Virus artıq məməlilərdə - pişiklərdə, tülkülərdə, su samurlarında və hətta fermer heyvanlarında aşkar edilib. ABŞ-da noyabr ayında quşçuluq təsərrüfatının yaşlı işçisinin ölümü H5N5-in insan üçün real ölüm təhlükəsi yaratdığını təsdiqləyən ilk hadisə kimi qeyd olunur.
Mariya-Ann Rameyks-Velti (Fransa, Tənəffüs Yoluxucu Xəstəliklər Mərkəzi) "Reuters"-ə müsahibəsində bildirib ki, xəstəlik müəyyən şərtlər altında artıq insandan-insana ötürülə bilən mərhələyə yaxınlaşır.
Yoluxma yolları və risk qrupları
Rusiyalı epidemioloq və tibb elmləri doktoru Murad Şahmərdanov "Gazeta.Ru"ya açıqlamasında bildirib ki, quş qripi bəzi hallarda qida ilə də ötürülə bilər, bunlar tam bişməmiş quş əti, yumurta, virusla çirklənmiş mətbəx mühitidir. Virus Selsi üzrə müsbət 70 dərəcə temperaturda məhv olur, buna görə də yumurta tam bişmiş vəziyyətdə hazırlanmalıdır, quş əti azı 30 dəqiqə 100 dərəcədə bişirilməlidir.
O, həmçinin qeyd edir ki, ölüm göstəricisi bəzi H5N1 hallarında 50 faizdən yüksək ola bilər, halbuki mövsümi qripdə bu rəqəm 0,1 faizdən azdır. Bu virus aşağı tənəffüs yollarını zədələyərək viral pnevmoniya, kəskin respirator ditress sindrlmu və poliorqan çatışmazlığına səbəb ola bilər. Risk qrupuna aşağıdakılar daxildir: quşçuluq təsərrüfatı işçiləri, baytarlar, kənd yerlərində quş saxlayanlar, canlı quş bazarlarına gedənlər, ovçular və vəhşi quşlarla təmasda olan ornitoloqlar.
Hazırda vəziyyət necədir?
ÜST nümayəndəsi Qreqorio Torres hesab edir ki, hazırda qlobal pandemiya riski aşağı qiymətləndirilsə də, vəziyyət nəzarətdən çıxa bilər. Onun sözlərinə görə, yeni vaksin nümunələri artıq mövcuddur və dünya COVID-19-dan sonra belə böhranlara daha hazırlıqlıdır.
Həkimlər isə panikaya ehtiyac olmadığını, lakin profilaktikanın vacib olduğunu bildirirlər: xəstə və ya ölü quşa toxunmamaq, quş məhsullarını yaxşı bişirmək, gigiyena qaydalarına riayət etmək. Bu xəbər hələlik rəsmi fövqəladə vəziyyət anlamına gəlmir, amma elm adamlarının tonuna nəzər salsaq, mesaj aydındır: virus mutasiya edir və insanlara uyğunlaşma prosesi artıq başlayıb.