Kriptovalyuta platformasının qurucusu, rusiyalı kriptotreyder, sankt-peterburqlu iş adamı və "Telegram"ın yaradıcısı Pavel Durovun dostu olduğunu iddia edən Roman Novak və həyat yoldaşının cəsədləri Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) tapılıb.
Moderator.az-ın xəbərinə görə, bu barədə 78.ru portalı məlumat verib.
Portalın məlumatına görə, onların cəsədləri, təxminən, iki həftə əvvəl səhradakı boş ərazidə tapılıb. Bədənlərində hansı xəsarətlərin olması və digər detallar barədə məlumat verilməyib.
Xatırladaq ki, cütlüyün qətli barədə oktyabr ayında, onların qohumlarının polisə müraciət etməsindən sonra məlum olub. BƏƏ-də olan cütlük Hatta şəhərində investorlarla görüşməli idi. Şəxsi sürücü onları gölə aparıb və orada onlar başqa bir maşına miniblər. Bundan sonra cütlük ilə əlaqə saxlamaq mümkün olmayıb.
Ehtimal edilirdi ki, onları oğurlayanlar iş adamından külli miqdarda pul tələb ediblər və o, bu pulu kriptovalyutada saxlamış ola bilərdi. Novak və həyat yoldaşının cəsədlərinin hissələrə bölündüyü iddia edilir.
Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları qətldə əli olanları saxlayıblar. Daxili İşlər Nazirliyinin versiyasına görə, onlar əvvəlcədən maşın və ailəni saxladıqları yeri icarəyə götürüblər.