Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova öz ailəsinin sərvəti və həyat tərzi barədə yayılan araşdırmanı təkzib etməyə çalışıb, lakin nəticə daha çox sual yaradıb.
Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, yerli media dərc etdiyi materiallarla gəlir mənbələri və ailə aktivləri barədə maraqlı məlumatlar yayıb.
Zaxarova isə bunun əksinə, mövzunu Qərbə doğru yönəltməyə cəhd edib.
Ərinin adı hələ də tabu
Zaxarova illərdir öz həyat yoldaşını ictimaiyyət qarşısında yalnız “Andrey” olaraq təqdim edir. Fotoşəkillər yayılıb, toy görüntüləri də mövcuddur - amma kişinin soyadı rəsmi olaraq heç vaxt açıqlanmayıb. Araşdırma isə onun real familiyasının Mахrov olduğunu bildirir.
“Sadə menecer” yox, dövlətlə işləyən milyonluq şirkət rəhbəri
Zaxarovanın təqdimatına görə, əri guya adi menecerdir. Lakin jurnalist araşdırması göstərir ki, Andrey Mахrov Rusiyanın ən iri enerji-geoloji strukturları ilə işləyən bir şirkətin top-meneceridir. Partnyorlar arasında “Lukoil”, “Rosnedra”, “Norilsk Nickel” kimi nəhənglər var. Təkcə bir ildə şirkət 386 milyon rublluq dövlət müqaviləsi bağlayıb - bu isə ailənin maliyyə imkanları barədə real təsəvvürü daha aydın edir.
Rəsmi maaş - aylıq yarım milyon, amma daşınmaz əmlak yüz milyonluq
Rəsmi məlumatlara əsasən, Zaxarova təkcə 2024-cü ildə dövlət mediasından 3 milyon rubl alıb, 2025-ci ildə isə daha 1,6 milyon. Əsas iş yerindən 500–800 min rubl maaş aldığı deyilir. Bununla yanaşı, o, Moskvanın mərkəzində 150 m² tarixi binada mənzil sahibidir. Həmin mənzilin qiyməti isə təxminən 100 milyon rubldur. Hətta yüksək maaşla belə bu məbləğə çatmaq üçün illərlə qənaət, demək olar ki, sıfır xərcləmə tələb olunardı - amma bu sərvət fakt olaraq mövcuddur.
Daha maraqlısı - əmlakın atasının adına keçirildiyi iddia olunur.
Avropa tənqid edilir, amma Zaxarovanın sevimli məkanıdır
Mariya Zaxarova Qərbi illərdir “əxlaqi cəhətdən çürümüş sivilizasiya” kimi səciyyələndirir, lakin araşdırmalar göstərir ki, onun tətil marşrutlarında ən çox rast gəlinən şəhərlər Nitsa və Paris olub. Üstəlik, bu səfərlər çox vaxt rəsmi tədbirlərlə əlaqəli olmayıb - şəxsi istirahət xarakteri daşıyıb.