Bizi sosial şəbəkələrdən izləyin:
Ukrayna Prezidenti Volodimir Zelenski vəzifəsindən azad edilmiş Andrey Yermakın yerinə öz ofisinin rəhbəri vəzifəsinə altı namizədi nəzərdən keçirir.
Moderator.a-ın xəbərinə görə, bu barədə "RBK-Ukrayna" mənbələrə istinadən məlumat verib.
Nəşrin məlumatına görə, ən çox müzakirə olunan dörd namizəd - müdafiə naziri Denis Şmıqal, baş nazirin birinci müavini Mixail Fedorov, Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov və Prezident Ofisinin rəis müavini Pavlo Palisadır. Həmçinin iki "daha az aşkar namizəd" barəsində də söhbət gedir ki, materialda onların adları çəkilmir.
"Zənnimcə, Zelenski artıq qərara gəlib ki, Xarici İşlər Nazirliyinin və digər qurumların köməyi ilə xarici işlər məsələləri üzrə məhz özü məşğul olmalıdır, ofis rəhbəri deyil. Buna uyğun olaraq, Prezident Ofisinin rəhbərinin üzərinə daxili siyasət düşür", - deyə mənbə bildirib.
Xatırladaq ki, noyabrın 28-də Zelenski Yermakın istefasını elan edib. Videomüraciətində Zelenski ofis rəhbərinə təşəkkür edib ki, onun dövründə Ukrayna danışıqlarda "lazımi qaydada" təqdim olunub.
Qeyd edək ki, enerji sektorundakı korrupsiya qalmaqalı fonunda Yermakın evində axtarışlar aparılıb, lakin keçmiş məmura qarşı hər hansı rəsmi ittiham irəli sürülməyib.