Argentina polisi 173 xəstənin ölümü ilə bağlı aparılan istintaq çərçivəsində 82 mindən çox fentanil ampulunu müsadirə edib.
Moderator.az-ın "La Nacion" qəzetinə istinadən verdiyi məlumata görə, müsadirələr Argentinanın dörd vilayətində – Buenos-Ayres, Formosa, Kordova və Santa-Fe ərazilərində həyata keçirilib. Məhkəmə orqanları müəyyən edib ki, bütün ampullar xəstəxanalara göndərilməzdən əvvəl bakteriyalarla çirklənmiş qruplara aid olub.
İstintaq bir neçə ay əvvəl - hakimiyyət orqanları eyni opioid analgetikdən istifadə edilən xəstəxanalarda 58 xəstənin şübhəli ölümünə diqqət yetirdikdən sonra araşdırma aparmağa başlayıb. Zamanla çirklənmiş fentanilin istifadəsi ilə əlaqəli ola biləcək ölüm hallarının sayı 173-ə yüksəlib. Vəziyyəti çətinləşdirən amil isə hakimiyyətin çirklənmiş qruplara aid bütün ampulları dərhal izləyə bilməməsi olub.
İstintaq çərçivəsində keyfiyyətsiz dərman təmin edən "HLB Pharma" şirkətinin sahibi Ariel Qarsia Furfaro saxlanılıb. Ümumilikdə 14 nəfərə ittiham irəli sürülüb.