Dünya
295
18:40, Bu gün

"Putin Trampın "sülh planı"nı rədd edir: Rusiya ABŞ-la sövdələşməyə getməyəcək" - "Sky News"

"Moskvanın sərt tələbləri və Qərbin tərəddüdü prosesi qeyri-müəyyən istiqamətə sürükləyir..."

ABŞ-ın təklif etdiyi "yenilənmiş sülh planı" ətrafında danışıqlar davam etsə də, Moskvanın ritorikası kompromisə yox, şərtləri diktə etməyə daha çox bənzəyir.

Moderator.az xəbər verir ki, bu barədə "Sky News"  nəşri yazıb.

Gərgin diplomatiya və qeyri-müəyyən gələcək

Nəşr yazır ki, Vladimir Putin əvvəlcə planı "müzakirə üçün baza" adlandırsa da, az sonra sərt tələblərə və açıq hədələrə qayıdıb. Putin Ukraynanın nəzarət etdiyi ərazilərdən geri çəkilməli olduğunu bəyan edib və əlavə edib ki, əgər Kiyev razılaşmasa, Moskva bunu "hərbi yolla təmin edəcək".

Bu ton sülh axtarışından çox güc nümayiş etdirən tərəfin dili kimi qiymətləndirilir. Bununla yanaşı, Kreml Krım və Donbasın Rusiyanın suverenliyi kimi tanınmasını əsas şərt olaraq masaya qaytarmağa çalışır, halbuki bu maddə planın son variantından çıxarılıb.

Planın iqtisadi yükü və Avropanın narahatlığı

"Reuters" agentliyi yazır ki, razılaşma Ukraynanın işğal olunmuş əraziləri itirməsi ilə yekunlaşsa belə, bu, Avropa üçün uzunmüddətli iqtisadi yükə çevrilə bilər. Dünya Bankı Ukraynanın bərpa xərclərini ən azı 524 milyard dollar olaraq qiymətləndirir.

Əgər Rusiya dondurulmuş 300 milyard dollarlıq aktivlərini bərpa üçün istifadə etməyə razılaşmasa, əsas yük Avropa İttifaqının üzərinə düşəcək. Bundan başqa, qeyri-müəyyən statusda qalan ərazilər uzun illər investisiya axınını və regionun təhlükəsizliyini sual altına qoyacaq.

Analitiklər həmçinin xəbərdarlıq edir ki, əgər Moskva sülh müqabilində sanksiyalardan azad edilərsə, bu, Rusiyaya iqtisadi nəfəs və yeni silahlanma mərhələsi üçün imkan verə bilər.

Müharibə, ya məcburi masa?

"The Economist" nəşri yazır ki, ABŞ-Rusiya gizli danışıqları Ukrayna üçün həm şans, həm də təhlükə yaradır. Yeni layihə əvvəlki 28 maddədən 19-a endirilib, amnistiya çıxarılıb, Ukrayna ordusunun limiti artırılıb və bəzi maddələr dəyişdirilib. Lakin ən vacib məsələlər - ərazilər, təhlükəsizlik zəmanətləri və NATO məsələsi hələ də açıqdır.

Ukrayna rəsmiləri bildirir ki, nə NATO-dan imtina, nə də torpaq güzəşti müzakirə oluna bilər. Kiyev rəsmi şəkildə bəyan edib ki, yeganə müzakirə oluna biləcək məsələ suverenlik deyil, xəttin hansı nöqtədə çəkilməsi olacaq.

Ukraynalı deputat Roman Kostenko isə vurğulayır: Moskva üçün əsas tələb NATO-dan imtina və Donbas-Krım məsələsidir və Kreml bu şərtlərdən vaz keçmədiyi müddətdə danışıqlardan real nəticə gözləmək çətindir.

Masa var, ancaq sülh yoxdur

Hazırkı vəziyyət onu göstərir ki, diplomatik proses sürətlənib, lakin tərəflərin mövqeləri hələ də bir-birinə yaxın deyil. ABŞ emissarının gələn həftə Moskvaya səfəri gözlənilsə də, ekspertlər dönüş gözləmir. Bu mərhələdə bir sual açıq qalır: danışıqlar sülhə aparacaq, yoxsa sadəcə növbəti müharibə dövrü üçün pauza yaradacaq?

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər