Türkiyə bölgədə “təhlükəsizlik və sabitliyi” təmin etmək üçün atəşkəs elan edildikdən sonra Ukraynaya qoşun göndərməyi istisna etmir. Bu barədə Müdafiə Nazirliyinin bəyanat yayıb.Nazirlik vurğulayıb ki, ilk növbədə Rusiya ilə Ukrayna arasında atəşkəs əldə edilməlidir. Bundan sonra missiyanın mandatı və hər bir ölkənin iştirak səviyyəsi müəyyənləşəcək. “Türkiyə Silahlı Qüvvələri regionumuzda təhlükəsizliyi və sabitliyi təmin edəcək istənilən təşəbbüsü dəstəkləməyə hazırdır”, - Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Türkiyə Müdafiə Nazirliyinin atəşkəsdən sonra Ukraynaya qoşun göndərməyi istisna etməməsi nə dərəcədə real senaridir? Əgər bu baş verərsə, Rusiyanın reaksiyası necə ola bilər? Rəsmi Kreml bunu NATO-nun birbaşa müdaxiləsi kimi qiymətləndirə bilərmi?
Moderator.az-a danışan Azərbaycan Ümid Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Anar İsayev deyib ki, Türkiyə NATO daxilində yeganə dövlətdir ki, Rusiya–Ukrayna müharibəsi dövründə həm Moskva, həm də Kiyev ilə eyni səviyyədə münasibət saxlayan nadir aktor rolunu oynayır. Onun sözlərinə görə, Ankara həm Rusiya ilə iqtisadi və diplomatik əlaqələrini qoruyur, həm də Ukrayna ilə əməkdaşlığını davam etdirir:
“Bu balanslı siyasət hər iki münaqişə tərəfinin Türkiyəni vasitəçi kimi qəbul etməsinə şərait yaradıb.
Xatırladaq ki, indiyə qədər Türkiyədə Rusiya və Ukrayna arasında atəşkəsin təmin edilməsi, sülh danışıqlarının irəliləməsi və münaqişənin tənzimlənməsi məqsədilə ümumilikdə dörd dəfəgörüş keçirilib. Ankara həm regional nüfuzuna, həm də tərəflərlə qurduğu etimad münasibətlərinə görə bu prosesdə ən real vasitəçi variantlardan biri kimi qiymətləndirilir.
Türkiyənin atəşkəsdən sonra Ukraynaya qoşun göndərməsini tamamilə istisna etmək olmaz — məhdud, hədəfli və ya simvolik yerləşdirmə realdır; amma genişmiqyaslı və açıq döyüş qüvvəsi göndərməsi yüksək risklidir. Moskva reaksiyası şiddəti və xarakteri Türkiyənin addımının həcmi, məqsədi, NATO ilə koordinasiyası və Ukraynanın rəsmi dəvəti olub-olmamasından asılı olacaq. Əgər Türkiyə NATO ilə koordinasiyalı hərəkət edərsə, ya da ABŞ- NATO komandasının iştirakı görünərsə, Moskva bunu açıq NATO müdaxiləsi kimi təqdim edə və diplomatik-hərbi cavab verə bilər”.
Siyasi şərhçi hesab edir ki, Ankara tək və məhdud şəkildə, Ukraynanın dəvəti əsasında hərəkət edərsə, Moskva bunu milli əməliyyat adlandırmağa çalışsa da, retorik olaraq NATO-ya bağlamağa cəhd edəcək. Nəticədə, qiymətləndirmə praktikada kontekstdən asılı olacaq. Regionda güc balansına gəldikdə isə Rusiaya üçün Qara dənizdə və Şərqi Avropada strategiya çərçivəsində daha sərt tədbirlərə keçmək məcburiyyəti yaranar ki, bu da Baltik regionu və Qara dənizdə əlavə hərbi yerləşdirmələr və təlimlərə yol açar.
Mehin Mehmanqızı