“Ankara Maduronu qoruya biləcək yeganə real müttəfiqdir” - Şok iddia
Dünya
363
14:53, Bu gün

“Ankara Maduronu qoruya biləcək yeganə real müttəfiqdir” - Şok iddia

Venesuela prezidenti Nikolas Maduronun artan beynəlxalq təzyiqlər və ABŞ-ın hərbi hədələri fonunda ölkəni tərk etmə ehtimalı gündəmə gəlib.
 
Moderator.az xəbər verir ki, The Washington Postun məlumatına görə, Maduro üçün ən real “təhlükəsiz sığınacaq” Türkiyə ola bilər.
 
Məlumata görə, bu ehtimalı gücləndirən əsas amillər prezident Maduro ilə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasındakı yaxın siyasi münasibətlər və iki ölkə arasında son illər intensivləşən diplomatik-ticarət əlaqələridir.
 
Belə ki, Ərdoğan 2024-cü ildə keçirilən mübahisəli seçkilərdən sonra Maduronu qalib kimi tanıyan azsaylı dünya liderlərindən biri idi. Maduro isə 2023-cü ildə Ərdoğanın üçüncü müddət prezident andiçmə mərasimində şəxsən iştirak etmiş, Türkiyə liderini “qardaş” adlandırmışdı.
 
Son illərdə iki ölkə arasında yüksək səviyyəli səfərlərin sayı artıb, iqtisadi əməkdaşlıq genişlənib.
 
ABŞ prezidenti  Donald Trampın hakimiyyətə qayıdışından sonra Venesuela ilə bağlı sərt kurs daha da güclənib. Tramp Maduronu hakimiyyətdən “asan və ya çətin yolla” uzaqlaşdırmağa hazır olduğunu bəyan edib. “Çətin yol” ssenarisi isə ABŞ Hərbi-Dəniz Qüvvələrinin Karib hövzəsində həyata keçirdiyi təzyiq əməliyyatlarına aiddir.
 
Mənbələrin məlumatına görə, Maduro üçün Türkiyəyə sığınmaq ABŞ-la mümkün hərbi qarşıdurmanın qarşısını alan “barışıq variantı” kimi dəyərləndirilir. Sürgün anlaşmasına Maduronun ABŞ-a ekstradisiya olunmaması ilə bağlı zəmanətlərin daxil edilə biləcəyi də iddia edilir.
 
Maduro hazırda ABŞ-da narkotik ticarəti və korrupsiya ittihamları ilə axtarılır və onun tutulmasına görə 50 milyon dollarlıq mükafat təyin olunub. O, həmçinin Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən insanlığa qarşı cinayətlərə dair araşdırma çərçivəsində izlənilir.
 
Ekspertlər Maduronun ən yaxın müttəfiqləri sayılan Rusiya, İran və Kuba variantlarının onun təhlükəsizliyi baxımından yetərli olmadığını bildirirlər. Bu ölkələr həm beynəlxalq siyasi risklər, həm də iqtisadi qeyri-sabitlik səbəbindən “sığınacaq” üçün optimal hesab olunmur.
 
Bunun əksinə olaraq, Türkiyə həm təhlükəsiz, həm də daha çevik siyasi platforma təklif edir. Hesabatda Maduronun ailəsinə məxsus qızıl daşımalarının uzun müddətdir Türkiyədən keçdiyi, bəzi rejim məmurlarının Türkiyədə hesablarının olduğu da qeyd edilir.
 
Mümkün razılaşma Türkiyənin Vaşinqtonla münasibətlərində yeni imkanlar aça bilər. Ekspertlərə görə, Ankara belə bir rolu üzərinə götürməklə "F-35" proqramına qayıtmaq üçün dəstək əldə etməyə çalışa bilər. Türkiyənin əvvəllər HƏMAS rəsmilərinə ev sahibliyi etməsi, Rusiya–Ukrayna danışıqlarına vasitəçilik etməsi də Ankaranın regional böhranlarda aktiv rol oynamağa hazır olduğunu göstərən nümunələr sırasındadır.
 
Venesuela hökuməti isə  Maduronun ölkəni tərk etməyə hazırlaşdığına dair iddiaları mütəmadi olaraq rədd edir. Maduro son çıxışında Karakasda qalacağını və “ölkəni hər cür imperialist təhdiddən müdafiə edəcəyini” bildirib.
 
 Mehin Mehmanqızı
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər