Ukraynanın təhlükəsizliyini yalnız Avropa ölkələrinin qoşunlarını göndərməklə təmin etmək mümkün deyil, Kiyevə daha etibarlı təminatlar lazımdır.
Moderator.az xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Quido Krozetto bəyan edib.
"Bu (Avropa qoşunlarının Ukrayna ərazisinə göndərilməsi – red.) nə İtaliyanın, nə Fransanın, nə də Avropanın vəzifəsi deyil, çünki Ukraynanın yeni işğala məruz qalmayacağına dair daha etibarlı təminatlar yaradılmalıdır, əks halda heç bir sülh planı olmayacaq. Ukraynanın təhlükəsizliyi Avropa qoşunları ilə təmin edilə bilməz, axı onların sayı nə qədər olmalıdır? 200, 300 min?" – deyə ANSA agentliyi nazirin Parisə səfəri zamanı jurnalistlərlə söhbətindən sitat gətirir.
Onun fikrincə, təhlükəsizlik təminatları birgə olmalıdır və yalnız avropalılar tərəfindən təmin edilə bilməz.
"Avropalılar yaxın illərdə Ukrayna Silahlı Qüvvələrinə dəstək göstərə bilərlər, çünki Ukraynanın iqtisadi vəziyyəti buna imkan vermir, Avropanın köməyi bərpa prosesində lazım olacaq", – deyə nazir əlavə edib. O vurğulayıb ki, Avropa hərbi kadrların hazırlanmasına və münaqişə illərində sayca azalmış Ukrayna Silahlı Qüvvələrinin bərpasına dəstəyini davam etdirəcək. Onun fikrincə, "istəklilər koalisiyası" məhz bərpa prosesində iştirak edə bilər.
"Ən əvvəl Ukraynada yaşayış, normal həyat tərzi, sosial və iqtisadi infrastrukturu bərpa etmək lazımdır. Ukrayna üçün görməli olduğumuz yol məhz budur", – deyə Krozetto yekunlaşdırıb.