Ukrayna Prezidenti Volodimir Zelenski Latviyanın xarici işlər naziri Bayba Braje ilə görüş keçirib.
Moderator.az-ın məlumatına görə, bu barədə Zelenski telegram kanalında yazıb.
Tərəflər Ukraynaya müdafiə dəstəyi və Latviyanın PURL (Ukraynanın Prioritet Ehtiyaclarının Siyahısı) təşəbbüsündə, eləcə də digər təhlükəsizlik mexanizmlərində iştirakını müzakirə ediblər.
"Müdafiə dəstəyini müzakirə etdik. Latviyanın PURL təşəbbüsünə verdiyi töhfəni yüksək qiymətləndiririk. SAFE (Aİ-nin yeni maliyyə təşəbbüsü) mexanizmindən istifadə imkanları və silahların birgə istehsalı perspektivləri barədə danışdıq. Latviya PUA Koalisiyasının lideridir. Bu il Ukraynaya təxminən 12 min pilotsuz uçuş aparatı göndərib və bu, müdafiəmiz üçün mühüm dəstəkdir", – deyə Zelenski bildirib.
Həmçinin tərəflər diplomatik vəziyyəti də müzakirə ediblər.
"Mövqelərimiz ortaqdır – Rusiyaya qarşı sanksiya təzyiqini gücləndirmək və tərəfdaşlarla müvafiq işi davam etdirmək lazımdır. Latviya bizim yanımızdadır və gələcəkdə də yanımızda olacaq. Ukraynaya dəstəyin dəyişməzliyinə görə minnətdaram", – deyə Ukrayna lideri vurğulayıb.
O, Brajeyə Ukraynanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyə görə təşəkkür edib və onu "Xidmətlərə görə" II dərəcəli ordenlə təltif edib.
"Xalqımıza göstərilən bütün yardıma, səfərə, xüsusilə də Çerniqova səfərə görə təşəkkür edirəm. Bizim üçün tərəfdaşların belə yerlərə şəxsən baş çəkməsi, məktəblərimizin, uşaq bağçalarımızın bərpasını dəstəkləməsi son dərəcə önəmlidir", – deyə Zelenski qeyd edib.