"Ukrayna regional yox, qlobal təhlükəsizlik sisteminin ayrılmaz aktoru kimi qəbul edilir..."
ABŞ və Ukrayna arasında Cenevrədə keçirilən danışıqlar gözləntilərdən daha konstruktiv və sabit keçib. Bu, prosesin artıq durğunluq mərhələsini geridə qoyduğunu göstərir.
Moderator.az xəbər verir ki, bu barədə "Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu" Ümumukrayna ictimai təşkilatınım Sədri Hikmət Cavad "gordonua.com" nəşrindəki bloqunda yazıb.
Məqalədə deyilir ki, ABŞ nümayəndə heyətinə Dövlət katibi Marko Rubio rəhbərlik edib və o, danışıqlar mövzusunu "yarımçıq iş" adlandırıb. Bu ifadə əslində çox şeyi deyir, çünki yekun sənəd həm ABŞ prezidenti Donald Tramp, həm də Ukrayna prezidenti Vladimir Zelenski tərəfindən təsdiq edilməlidir.
Çox vacib başqa bir detal da var: sənədin imzalanması üçün əvvəl müəyyən edilən son tarix - Şükranlıq Günü artıq formal olaraq qüvvədən düşüb. Bu, bir mesaj deməkdir: Vaşinqton Kiyevə təzyiq göstərmir, əksinə Ukraynanın mövqeyini nəzərə almağa hazırdır. Təkcə bu fakt belə Ukrayna üçün diplomatik qələbə sayılır.
"Ukrayna məsələsi regional deyil, qlobal təhlükəsizlik məsələsidir"
Amerika tərəfinin danışıqlarda səsləndirdiyi əsas siqnallardan biri də budur: Ukrayna ilə bağlı istənilən sülh modeli NATO və Avropa İttifaqının təhlükəsizlik maraqlarını nəzərə almalıdır. Bu, artıq Qərbin açıq şəkildə etirafıdır: Rusiya-Ukrayna müharibəsi lokal münaqişə deyil, Avroatlantik təhlükəsizlik sisteminə birbaşa təhdiddir.
Bununla paralel olaraq "Politico" nəşri qeyd edir ki, həm Ukraynanın, həm də Avropa ölkələrinin mövqeyi əvvəlki raundlarla müqayisədə daha güclü və inamlı görünür. Ukrayna danışıqlara zəif tərəf kimi yox, prosesin gündəmini müəyyən edən siyasi aktor kimi qatılıb.
İnformasiya müharibəsinin başqa cəbhəsi
Cenevrədəki irəliləyiş fonunda həm Ukrayna daxilində, həm də xaricdə "böhran yaxınlaşır" tonunda emosional materialların yayılması müşahidə olunub. Bu isterik fon danışıqların nəticələri ilə üst-üstə düşməyib. Əksinə, Ukrayna nümayəndələri özlərini soyuqqanlı və mövqeyi qorumağı bacaran tərəf kimi göstərib.
Burada əsas sual yaranır: bu panikanı kim, nə üçün yayıb? Bir şey dəqiqdir - bu, Ukraynanın mövqeyini gücləndirməyi hədəfləyənlərin mövqeyi olmayıb. Bu cür ritorika daxili parçalanma yaratmağa çalışan qüvvələr üçün ən uyğun mühitdir.
Ukraynanın əsas gücü demokratik reflekslər və siyasi yetkinlikdir
Müharibə şəraitində Ukraynanın ən çox ehtiyacı olan şeylər siyasi soyuqqanlılıq, konsentrasiya və dövlət institutlarına etimaddır. Hakimiyyəti tənqid etmək, müzakirə aparmaq, fikir müxtəlifliyi - bunlar demokratiyanın normal tərkib hissəsidir. Amma taktiki fikir ayrılıqlarını isteriya və dövlətə inamsızlığa çevirmək Rusiya ilə müharibə şəraitində təhlükəli lüksdür.
Ukraynada korrupsiya, islahatlar, dövlət idarəçiliyi ilə bağlı suallar qalır və qalacaq. Lakin ölkənin güclü və canlı vətəndaş cəmiyyəti, siyasi rəqabət mədəniyyəti və söz azadlığı var. Müəllif hesab edir ki, müharibədən sonra məhz bu institutlar ölkəni təmizləyəcək və möhkəmləndirəcək.
Ukrayna artıq prosesin obyekt deyil, subyektidir
Bu mərhələdə ən vacib olan bir həqiqət ortadadır: Ukrayna təkcə cəbhədə yox, diplomatiyada da mübarizə aparır və bunu sərt, emosiyasız, rasional şəkildə edir. Cenevrə danışıqları göstərdi ki, Kiyev beynəlxalq masada zəifləyən yox, mövqeyini genişləndirən tərəfdir.
Bütün "qaçılmaz böhran" iddiaları isə fakt qarşısında dayanmayıb, sadəcə informasiya səs-küyü olaraq qalıb. Bu gün əsas reallıq budur: Ukrayna həm döyüş meydanında, həm də diplomatik arenada mübarizəsini davam etdirir və bunu inamla edir.