27 noyabr tanınmış amerikalı yazıçı, ədəbiyyat üzrə Nobel mükafatçısı Yucin O'Nilin anım günüdür.
Moderator.az Kulis.az - a istinadla onun həyatı və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.
Yucin Qladstoun O’Nil Amerikanın ən böyük yazıçılarından və dramaturqlarından biri, həmçinin ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1936) və dörd dəfə Pulitser mükafatı qazanan nadir sənətkarlardandır.
Onun əsərləri yalnız teatr tarixini deyil, həm də insan psixikasının dərin qatlarını öyrənmək istəyənlər üçün əvəzsiz bir qaynaqdır.
O’Nil səyyar aktyor ailəsində dünyaya gəlib və həyatının ilk yeddi ilini səhnələr arxasında, “təkərlər üstündə” keçirmişdi. Anası Ella O’Nilin morfi düşkünü olması kiçik Yucin üçün böyük çətinliklər yaratmışdı.
Dərin katolik inancları olan oğlan, anasının çətinliklərindən qurtulmaq üçün Allaha dua edirdi, amma dualarının səmərəsiz qaldığını görən Yucin kilsədən üz çevirmişdi.

Bu erkən yaş dövründə yaşadığı çətinliklər onun psixikasında dərin izlər buraxmışdı.
1906-cı ildə Prinston Universitetinə daxil olan O’Nil, burada yalnız bir il oxuyub. Universitet həyatından çox, Nyu-Yorkun gecə həyatı və sərbəstlik onu maraqlandırırdı.
21 yaşında atasının iradəsinə baxmayaraq evlənmiş, ardınca sərgüzəştlər axtararaq Hondurasa getmişdi. Bir il sonra geri dönmüş, 1910-cu ildə oğlu dünyaya gəlmişdi. Lakin bu, onu evə bağlamamış, həyatını sərgüzəştlərlə, İngiltərə və Argentinada keçirdiyi vaxtla doldurmuşdu.
Yucin O’Nilin həyatında dönüş nöqtəsi, atasının özünü öldürmək cəhdi ilə üzləşməsi olmuşdur. Bu, O’Nili dərin təsirləndirmiş və onu yazıçı olmağa sövq etmişdi.
1914-cü ildə Harvard Universitetində dramaturgiya təhsili almış, 1916-cı ildə ilk pyesini səhnəyə qoymuşdu.
O’Nil yaradıcılığının başlanğıcından etibarən salon və ailə-məişət dramından uzaq durmuş, həyatın ən dərin və çətin mövzularını teatr sahəsinə gətirməyə qərar vermişdi.
Avqust Strindberqin əsərləri onun ilham mənbəyinə çevrilmişdi.
1920-ci ildə Brodveydə oynanan “Üfüqün arxasında” pyesi Amerika teatrına yeni bir nəfəs gətirdi və O’Nilə Pulitser mükafatı qazandırdı.
Sonrakı illərdə “Anna Kristi” (1922), “Qəribə interlyudiya” (1928) və “Gecəyə çevrilən uzun gün” (1941) pyesləri ilə o, dördqat Pulitser laureatı oldu.

Həmin illərdə yazdığı pyeslər, həm janr, həm də ədəbi istiqamət baxımından romantik, realist və ekspressionist elementləri birləşdirirdi.
O’Nil cəmiyyətin problemlərini teatr səhnəsinə gətirməyi bacaran, Amerikanın ən populyar dramaturqu idi.
Onun əsərlərindəki mövzu seçimi və insan talelərindəki tragik anlar oxucular və tamaşaçılar tərəfindən dərin maraqla qarşılanırdı.

Lakin şəxsi həyatı yaradıcılığı qədər uğurlu deyildi. İkinci nikahından iki övladı olmuş, sonradan ailə faciələri ilə üzləşmişdi: qızı Una Çarli Çaplinlə evlənmiş, oğlu Şeyn isə narkotik asılılığından intihar etmişdi.
Üçüncü nikahı da uğursuz olmuş və bütün bu dramatik hadisələr onun həyatını çətinləşdirmişdi.

1936-cı ildə Yucin O’Nil, dramatik əsərlərinin dərinliyi və təsir gücünə görə Amerika dramaturqları arasında ilk Nobel laureatı oldu.
Xəstəlik səbəbindən Stokholma gedə bilməsə də, Nobel mühazirəsini İsveç Akademiyasına göndərmişdi. O, bu mükafatı həm özünə, həm də Amerikadakı bütün həmkarlarına verilmiş bir simvol hesab edirdi.
O’Nilin əsərləri, xüsusilə “Gecəyə çevrilən uzun gün” və “Taleyin ögey övladları üçün Ay”, şəxsi və ailə dramlarını əks etdirir, insan psixikasının dərin qatlarını teatr səhnəsinə gətirir.

Həyatının son on ili xəstəlik səbəbindən faciəvi keçmiş, amma onun yaradıcılığı Amerika teatrının zirvəsinə yüksəlmişdir.
Bu gün də Yucin O’Nil Amerikan dramının yaradıcısı kimi xatırlanır.