Dünya
137
17:55, Bu gün

"Trampın sülh planı: nikbinlik, təzyiq və açıq qalan suallar" - Qərb mətbuatı

"Sülh danışıqların sürəti artır, amma kompromislər hələ də qeyri-müəyyəndir..."

ABŞ prezidenti Donald Tramp Ukrayna üzrə sülh danışıqlarını sürətləndirməkdə qərarlıdır və hazırkı prosesdə əsas məqsəd "necə olursa-olsun, savaşı dayandırmaqdır".

Moderator.az xəbər verir ki, bu barədə CNN nəşri yazıb.

Tramp jurnalistlərlə söhbətində dəfələrlə bildirib ki, müharibənin uzadılması yalnız əlavə insan itkiləri deməkdir və tərəflər artıq "məcburi kompromis reallığı" ilə üz-üzədir.

Trampın sözlərinə görə, Rusiya üçün əsas güzəşt - döyüşləri dayandırmaq və daha çox ərazi ələ keçirmək cəhdindən imtina etməkdir. O, əlavə edib ki, inkişaf edən proses fonunda Ukraynadan hər hansı ərazi güzəşti zamanın özü müəyyən edə bilər: "Nə istəyirsiniz - hələ minlərlə insan itirib sonra eyni nəticəni almaq, yoxsa indi anlaşmaq?"

Zelenski ilə görüş yalnız razılaşmadan sonra olacaq

Tramp bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-a yalnız sülh sazişinin ilkin razılaşdırılmasından sonra səfər edə biləcək. Onun sözlərinə görə, danışıqlar Kiyevlə daha yaxşı irəliləyir, lakin proses hələ yekunlaşmayıb. Eyni zamanda ABŞ rəsmiləri danışıqların "xeyli irəlidə olduğunu" desələr də, hələ ciddi fikir ayrılıqları mövcuddur və bu fərqlər ictimaiyyətə açıqlanmır.

"Heç bir qırmızı xətt yoxdur"

"Politico" yazır ki, Tramp üçün əsas olan sənədin məzmunu deyil, nəticəsidir. Buraya Ukraynanın NATO-ya qoşulmamasından tutmuş Donbasın statusuna qədər ən sərt maddələr daxildir. Ağ Evdən verilən açıqlamada deyilir: "Əsas məqsəd - müharibəni dayandırmaqdır. Tramp elə bir sənədi imzalamağa hazırdır ki, tərəflər tez razılaşa bilsin". Bu yanaşmanın elastikliyi səbəbindən sülh planının məzmunu - ultimatumdan yumşaldılmış variantlara qədər hər gün dəyişir.

Ümidlər və maneələr

CNN yazır ki, ABŞ tərəfi danışıqlarda irəliləyiş olduğunu bəyan etsə də, Kiyev üç əsas tələbin hələ də qəbuledilməz olduğunu bildirir:

- Donbasın bir hissəsinin faktiki Rusiya nəzarətinə verilməsi;

- Ukrayna ordusunun sayının 600 minlik limitlə məhdudlaşdırılması;

- Ukraynanın NATO-dan imtinası.

Kiyev üçün bu maddələr "qırmızı xətt" olaraq qalır və onların qəbul edilməsi ölkə daxilində siyasi və təhlükəsizlik böhranı yarada bilər.

Yaxınlaşan razılaşma, yoxsa yalnız siyasi nikbinlik?

Tramp son açıqlamasında "razılaşmanın çox yaxın olduğunu" desə də, ekspertlərin fikrincə, tərəflər hələ strateji məsələlərdə uzlaşmayıb. Müharibənin son bir ayda əlavə 25 min insan həyatı aldığı barədə rəqəmlər isə sürətli qərar təzyiqini artırır. Beləliklə, proses irəliləyir, lakin hələ sülhə aparan yol kompromislərdən çox, cavabsız suallarla doludur.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər