Türkiyənin Gümüşhane Universitetinin rektorluğu psixoloji problemləri olduğu iddia edilən əməkdaşın digər qadın işçini silahla girov götürməsi ilə bağlı açıqlama verib.
Bu barədə Moderator.az Türkiyə KİV-ə istinadən xəbər verir.
Hadisə zamanı ölən və ya yaralananların olmadığı bildirilib.
"Bu gün universitetimizdə baş verən və hamımızı dərindən kədərləndirən hadisəni, işçilərimizdən birinin digər bir işçini girov götürməsi barədə məlumatı ictimaiyyətlə bölüşmək zərurəti yarandı. Universitetimizin təhlükəsizlik bölmələri və hüquq-mühafizə orqanları tez bir zamanda hadisəyə müdaxilə etdilər. Hadisə nəzarət altına alınıb. Ölən və ya yaralanan olmayıb. Təhlükəsizlik səbəbi ilə universitetimizin giriş və çıxışları nəzarətdə saxlanılır. Universitetimiz istər tələbələrimizin, istərsə də akademik və inzibati personalımızın təhlükəsizliyi üçün bütün tədbirləri qətiyyətlə həyata keçirməyə davam edir. Bu cür kədərləndirən hadisələrin bir daha baş verməməsi üçün lazımi inzibati və hüquqi proseslərə başlanılıb. Gümüşhane Universiteti olaraq, ictimaiyyətin doğru məlumatlandırılması üçün prosesi şəffaf şəkildə izləyirik və hər kəsə keçmiş olsun diləklərimizi çatdırırıq", - deyə açıqlamada qeyd edilib.