Müğənni Keti Perri malikanə ilə bağlı məhkəmə prosesindən sonra 85 yaşlı əlil veteran Karl Uestkottdan təxminən 5 milyon dollar almaq istəyir.
Moderator.az xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.
Noyabrın 21-də təqdim olunmuş sənədlərdə Keti Perri iddia edir ki, malikanəyə ödədiyi icarə haqqına və təmir işləri üçün itirdiyi pullara görə Karl Uestkott məsuliyyət daşıyır. Müğənni məhkəməyə müraciət edərək, veteranın üzərinə əmlakın satışı ilə bağlı uzun sürən məhkəmə prosesi nəticəsində ona vurulmuş maddi ziyana görə 4 718 698.95 dollar təzminat ödəmək öhdəliyi qoyulmasını xahiş edib.
Amma Uestkottun vəkili bildirib ki, Perri Uestkotta əmlak üçün ödəməyə razı olduğu 15 milyon dolların 6 milyon dollarını borcludur.
Müğənni 2015-ci ildə veteran Karl Uestkottdan 15 milyon dollara aldığı malikanə uğrunda mübarizə aparır. Sövdələşmə başa çatdıqdan bir neçə gün sonra evin keçmiş sahibi satışdan imtina etmək qərarına gəlib. Sağalmaz beyin xəstəliyindən əziyyət çəkən Uestkottun qohumları bildiriblər ki, müqavilə bağlanan zaman veteran ağrıkəsicilərin təsiri altında olub. Lakin Keti Perri və artıq sabiq olan sevgilisi Orlando Blum malikanəni özlərinə saxlamaq istəyiblər. Buna görə də məsələni məhkəmə yolu ilə həll etməli olublar. Cütlük keçən il işi udub, amma Uestkott apellyasiya şikayəti verib. Keti Perri avqustun 26-da Los-Anceles Ali Məhkəməsinə videoəlaqə vasitəsilə ifadə verib. Müğənni məhkəməyə izah edib ki, malikanə uğrunda Karl Uestkottla "ədalət" naminə mübarizə aparır və bu işi uduzsa, xeyli pul itirəcək.