Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "istəklilər koalisiyası"nın iclasında ölkəsinin ədalətli və davamlı sülhün tezliklə təmin olunması üçün tərəflərin birbaşa təmaslarını asanlaşdıracaq diplomatik səylərini davam etdirəcəyini vurğulayıb. Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəəbəkəsində paylaşım edib.
B. Duranın sözlərinə görə, Ərdoğan iclasda tərəflər arasında birbaşa danışıqların İstanbulda keçirilə biləcəyini, bunun üçün Türkiyənin Ukrayna və Rusiya ilə təmasda olduğunu qeyd edib.
"İclasda Türkiyənin enerji və liman infrastrukturunu əhatə edən atəşkəsin tərəflər arasında hərtərəfli sülh sazişinin müzakirəsi üçün əlverişli şərait yarada biləcək tənzimləmə ola biləcəyi yönündəki mövqeyi ifadə olunub", - Kommunikasiya İdarəsinin rəhbəri bildirib.
Bəs sülh danışıqları İstanbulda baş tuta bilərmi?
Moderator.az-a danışan siyasi şərhçi Kənan Novruzov bildirib ki, Türkiyə Rusiya-Ukrayna müharibəsinin ilk günlərindən etibarən müharibənin bitməsi üçün səmimi səylər göstərir və hər iki tərəflə danışa bilən nadir, bəlkə də yeganə aktordur:
“Rəsmi Ankara zamanında müharibəyə son qoymağa çox yaxın idi. Təəssüf ki, bu mümkün olmadı. Hərçənd ki, müharibəyə zamanında son qoyulsaydı, Ukraynanın vəziyyəti bu qədər çətin olmazdı.
Bu gün vəziyyət xeyli dəyişib. Artıq Rusiya-Ukrayna müharibəsi ABŞ və Avropa arasında bir qarşıdurmaya çevrilib. Buna baxmayaraq, Türkiyə əvvəllər olduğu kimi, indi də tərəflər arasında neytral mövqedədir və proseslərdə balansı qoruyur.
Türkiyə həm Avropa, həm də ABŞ-dan müəyyən gözləntilərə malikdir. Avropadan gözlənti əsasən Avropa İttifaqına üzvlüklə bağlıdırsa, ABŞ-dan isə “F-16” və “F-35” təyyarələrinin tədarükü ilə bağlı irəliləyiş gözləyir. Həm Avropa İttifaqı, həm də ABŞ Türkiyəyə ehtiyac duyur və onun dəstəyini qazanmaq istəyir. ABŞ müharibəni dayandırmaq üçün konkret 28 maddəlik təklif təqdim edib, ilkin versiyasında müəyyən düzəlişlər edilib. Avropa isə müharibəni uzatmaqda maraqlıdır".
Siyasi şərhçi hesab edir ki, həm ABŞ,həm də Avropa Türkiyənin dəstəyinə ehtiyac duyur:
“Bunun səbəbi Türkiyənin həm Rusiya, həm də Ukrayna tərəfindən qəbul edilən bir aktor olmasıdır. Həm Avropa, həm də ABŞ anlayır ki, Türkiyə tərəfləri dinləyib onların mövqelərini nəzərə alacaq və onları razı sala bilər. Bu baxımdan Türkiyənin rolu həqiqətən mühümdür. Türkiyə müharibənin sona çatmasında maraqlıdır və bu baxımdan onun mövqeyi ABŞ-ın mövqeyi ilə üst-üstə düşür. Lakin Ankara ABŞ-ın təqdim etdiyi sülh planına tam razı deyil, çünki plan Rusiyanın xeyrinə işləyir və Ukraynanın kapitulyasiyasını nəzərdə tutur. Türkiyə bunu istəmir və prosesdən mümkün qədər öz xeyrinə istifadə etməyə çalışacaq. Yaxın gələcəkdə İstanbulda və ya Ankarada Rusiya-Ukrayna müharibəsinin gedişatı və mövcud vəziyyətlə bağlı ciddi, əvvəlcədən elan olunmayan görüşlərin keçirilməsi mümkündür”.
Mehin Mehmanqızı