Dünya
230
21:54, Bu gün

"İran və İsrail arasında gərginlik yenidən artır: Tehran revanşa hazırlaşır" - "İran" informasiya agentliyi

"Tehranın proksi şəbəkəsi hərəkətə gətirilir, SEPAH regionu yeni müharibə ritminə kökləyir..."

İranın regiondakı proksi qüvvələri İsrailə qarşı cavab zərbəsinə çağırılır. Gərginlik xüsusilə Beyrutda "Hizbullah" komandiri Əli Təbtəbainin hədəf alınmasından sonra artıb. 

Moderator.az xəbər verir ki, bu barədə Rusiyanın "iran.ru"  informasiya agentliyi məlumat yayıb

"Yeni müharibə yalnız zaman məsələsidir"

Məlumatda deyilir ki, İranın Livandakı səfiri Möctəba Amani açıq şəkildə bildirib ki, yeni müharibə ehtimalı realdır və Tehran "istənilən cavaba hazırdır". İran İnqilabı Keçikçiləri Korpusunun (SEPAH) yaydığı bəyanatda Tehranın dəstəklədiyi bütün silahlı qrupları, o cümlədən "Hizbullah", husi qüvvələri və digər regional aktorları "qisas almağa" səsləyib.

İran tərəfi iddia edir ki, cavab gec olmayacaq və "İsraili sarsıdacaq". Lakin İsrail də susmur: rəsmi Təl-Əviv Beyruta rəsmi xəttlə xəbərdarlıq edib ki, əməliyyatlar davam edəcək və məqsəd "Hizbullahın silahsızlaşdırılmasıdır".

 "Müharibə iki həftə daha davam etsəydi, İsraildən əsər-əlamət qalmazdı"

Eyni zamanda Tehranda keçirilən konfransda SEPAH nümayəndəsi, briqada generalı Əli Məhəmməd Naeyni son 12 günlük döyüşləri İranın strateji uğuru kimi təqdim edib. Onun sözlərinə görə, İran "yalnız öz gücünə arxalanıb" və bu, ölkənin hərbi-siyasi modelinin sınağından uğurla çıxması kimi təqdim edilir.

General bildirib ki, İran müharibə zamanı 45 strateji hədəfə zərbə endirib və İsrailin atəşi dayandırmaq istəyinə "məcbur qaldığını" iddia edib. O, əlavə edib: "Əgər döyüş iki həftə də davam etsəydi, İsrail rejimindən əsər-əlamət qalmazdı". Naeyni həmçinin İranın raket proqramının sürətlə inkişaf etdiyini, elmi kadrların əksəriyyətinin 30 yaş civarında olduğunu vurğulayıb və ölkənin "müdafiə doktrinasının dəyişməz olduğunu" bildirib.

Yeni müharibə ssenarisi "dondurulmuş" vəziyyətdədir

Regionda hazırda paradoksal mənzərə var: tərəflər açıq müharibədən çəkinir, lakin həm Tehran, həm də İsrail sərt dil və hərbi təhdidləri davam etdirir. İranın proksi qüvvələri cavab vermək üçün fürsət gözlədiyini gizlətmir, İsrail isə "preventiv zərbə strategiyasından" geri çəkilmək niyyətində deyil. Hazırkı vəziyyət müşahidəçilər tərəfindən belə qiymətləndirilir: Yeni regional müharibə ehtimalı realdır, amma onun nə zaman baş verəcəyi yalnız zaman məsələsidir.

Link kopyalandı!
Son xəbərlər