Bu gün Ukrayna pilotsuz uçuş aparatlarının Novorossiyskdə yerləşən Xəzər Boru Kəməri Konsorsiumunun (KTK) Dəniz Terminalına hücumu səbəbindən Qazaxıstan neftinin yükləmə əməliyyatları dayandırılıb.
Moderator.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, Novorossiyskə hücum edən Ukrayna dronlarından biri Xəzər Boru Kəməri Konsorsiumunun (KTK) Dəniz Terminalının inzibati binasını vurub, terminal işçiləri təcili şəkildə təxliyə edilib və təhlükəsizlik məqsədilə neft yükləmə əməliyyatları dayandırılıb.
Qeyd olunur ki, bundan əvvəl terminalın şəhər ofisi və “Kropotkinskaya” adlı əsas nasos stansiyası da hücumlara məruz qalıb. Bu dron hücumu ilə bağlı Qazaxıstan Xarici İşlər Nazirliyi Ukraynaya öz narahatlığını bildirib.
Məlumat üçün bildirək ki, KTK neft kəməri ilə Qazaxıstandan ixrac olunan neftin 80%-ə qədəri nəql olunur.