Bizi sosial şəbəkələrdən izləyin:
Avropa Parlamentinin (AP) nəqliyyat və müdafiə komitələri Avropa İttifaqı (Aİ) ərazisində qoşunların və hərbi texnikanın hərəkətini asanlaşdıran və "hərbi Şengen zonası" adlandırılan qurumu formalaşdıran qətnamə layihəsi hazırlayıblar.
Moderator.az xəbər verir ki, AP-nin mətbuat üçün açıqlamasında belə deyilir.
Açıqlamada Rusiyanın mümkün təcavüzünü dəf etməyə hazırlığı təmin etmək üçün bütün Avropa boyunca qoşunların, texnikanın və aktivlərin sərhədlər arasında çevik yerdəyişməsinə dəstəyin vacibliyi vurğulanır.
Bildirilir ki, bu, ümumavropa təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsində ən vacib amil, həmçinin Şərq cinahının, xüsusilə Baltik ölkələrinin və Polşanın təhlükəsizliyi üçün son dərəcədə əhəmiyyətlidir.
Deputatlar çevik reaksiya qüvvələrinin sülh dövründə üç gün ərzində, böhran dövründə isə 24 saat ərzində Aİ-nin daxili sərhədlərini keçmək imkanının təmin olunmasını təklif edirlər.
Qeyd edilir ki, hazırda inzibati, maliyyə və infrastruktur problemləri səbəbindən hərbi texnikanın Aİ ərazisində yerdəyişməsinə bəzən bir aydan çox vaxt tələb oluna bilər:
"Deputatlar növbəti uzunmüddətli büdcədə hərbi mobillik büdcəsinin 17 milyard avroya qədər artırılması təklifini alqışlayırlar və Aİ ölkələrindən bu məbləği 2021-27-ci illər büdcəsində olduğu (onda təklif edilən vəsait 75% azaldılmışdı) kimi, ixtisar etməməyi xahiş edirlər".
Qətnamə layihəsi müəlliflərinin hesablamalarına görə, körpü və tunel kimi 500 qaynar infrastruktur nöqtəsinin modernləşdirilməsi və Aİ-nin dörd hərbi mobillik dəhlizinin tam fəaliyyətini təmin etmək üçün ən azı 100 milyard avro tələb olunacaq.
Avropa Parlamenti vurğulayır ki, əsl "hərbi Şengen zonası" ən qısa müddətdə yaradılmalıdır. /oxu.az/