İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi 13 generalı işdən çıxardı
Dünya
125
18:19, Bu gün

İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi 13 generalı işdən çıxardı

İsrail Müdafiə Qüvvələrinin (IDF-SAXAL) Baş Qərargah rəisi general-leytenant Eyal Zamir bir neçə yüksəkrütbəli zabiti 7 oktyabr 2023-cü ildə Fələstinin radikal HƏMAS hərəkatının ölkənin sərhəd ərazilərinə hücumları ərəfəsində və hücum zamanı buraxdıqları ciddi səhvlərə görə işdən çıxarıb.

Moderator.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə SAXAL-n verdiyi bəyanatda bildirilib.

Məlumata görə, qərar xüsusi komitənin araşdırma nəticələrindən sonra verilib.

"Oktyabrın 7-də (2023-cü ildə) SAXAL öz əsas tapşırığını - İsrail dövlətinin dinc əhalisinin qorunmasını vəzifəsini yerinə yetirə bilmədi. Bu, həmin hadisələr ərəfəsində və hadisələr zamanı qəbul edilən qərarlar və tədbirlərlə əlaqəli ciddi, açıq-aşkar, sistemli bir uğursuzluqdur", - deyə bəyanatda qeyd edilib.

Baş Qərargahın qərarları 13 general və SAXAL-ın digər yüksəkrütbəli zabitləri barəsində verilib. 10 fəaliyyətdə olan və daha əvvəl ehtiyata buraxılan komandir işdən qovulub və ya istefaya göndərilib. Söhbət, əsasən, Baş Qərargah Kəşfiyyat İdarəsinin (AMAN) keçmiş rəisi, general-mayor Aaron Haliv, Baş Qərargah Əməliyyat İdarəsinin keçmiş rəisi, general-mayor Oded Basyuk və Cənub Hərbi Dairəsinin komandanı, general-mayor Yaron Finkelmandan gedir.

Daha üç yüksəkrütbəli zabitə töhmət verilib. Bu tədbir hazırkı Hərbi Hava Qüvvələri komandanı general-mayor Tomer Bar, Hərbi Dəniz Qüvvələri komandanı vitse-admiral David Saar Salam və hazırkı AMAN rəhbəri Şlomi Binderə şamil ediləcək. Sonuncu onun vəzifəsindən azad edilməsi barədə ayrıca qərar qəbul edildikdən dərhal sonra istefaya gedəcək.

"Bu şəxsi nəticələrdir - tabeçiliyimizdə olanların və İsrailin mülki əhalisinin etimadını gücləndirmək üçün bir ordu olaraq atmalı olduğumuz bərpa və təkmilləşmə prosesində zəruri addımdır. Biz 7 oktyabr hadisələrinin bir daha təkrarlanmamasını təmin etməliyik", - deyə Zamir bildirib.

Eyni zamanda, sözügedən əsgərlərin "illərlə ölkənin təhlükəsizliyini təmin etmək üçün çalışmış ən təcrübəli və işinə sadiq" zabitlərdən olduqları vurğulanıb.

Xatırladaq ki, 7 oktyabr 2023-cü ildə Fələstinin HƏMAS hərəkatının silahlı tərəfdarları Qəzza zolağından İsrail ərazisinə soxularaq, sərhədyanı yaşayış məntəqələrinin sakinlərini qətlə yetiriblər və 250-dən çox girov götürüblər. Buna cavab olaraq, İsrail HƏMAS-ın hərbi və siyasi strukturlarını məhv etmək və bütün qaçırılanları azad etmək məqsədilə anklavda hərbi əməliyyata başlayıb.

Link kopyalandı!
Son xəbərlər