Ərdoğandan müharibəyə KRİTİK MÜDAXİLƏ: Böyük savaşa Ankarada son qoyulur?
Dünya
803
16:35, Bu gün

Ərdoğandan müharibəyə KRİTİK MÜDAXİLƏ: Böyük savaşa Ankarada son qoyulur?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacaq. Ərdoğanın sözlərinə görə, Türkiyə sülh yolunda əlindən gələni edəcək və buna nail olacaq.
Türkiyənin yenidən aktivləşməsi Moskva və Qərb tərəfindən necə qarşılanır? Ankara bu prosesdə balansı necə qoruyur? Mövcud geosiyasi şəraitdə Türkiyənin “sülhə nail olacağıq” iddiası nə dərəcədə realdır?
Sülh sazişi Türkiyədə imzalana bilərmi?
Moderator.az-a danışan türkiyəli politoloq Hasan Oktay deyib ki,  Ukrayna böhranı hər keçən gün daha da dərinləşərək Avropanı təhdid edən bir müharibəyə çevrilmək üzrədir:
 
“Tramp hakimiyyətə  gəldikdən sonra da bu böhranı bitirəcəyini iddia etməsinə baxmayaraq, indiyə qədər əhəmiyyətli bir uğur əldə olunmayıb. Amerikanın əsas məqsədi bu müharibəni Rusiya ilə Avropa İttifaqı arasında bir qarşıdurmaya çevirməkdir. ABŞ həm Rusiyanı, həm də Avropanı təzyiq altında saxlamağa çalışır. Tramp sülhə nail olsa, bunu öz uğuru kimi təqdim edib Rusiyanı öz tərəfində saxlamağa çalışacaq. 28 maddəlik sülh planının daha çox Rusiya yönümlü görünməsinin səbəbi də Trampın Putini yanında tutmaq istəməsindən qaynaqlanır.
Bununla yanaşı, Avropa İttifaqı Rusiya–Ukrayna məsələsində Rusiyanın gözlənilən uğuru əldə etməsi halında, bu vəziyyətin gələcəkdə Avropanı təhdid edəcəyi narahatlığını yaşayır. Tramp sülhə nail olmasa belə, böhranın Avropa ilə Rusiya arasında bir qarşıdurmaya çevrilməsini öz xeyrinə çevirməyə çalışacaq”.
 
Politoloq vurğulayıb ki, Türkiyə baxımından isə Qara dəniz vasitəsilə qonşu olduğu iki ölkənin üç ildən artıqdır savaşması ciddi təhlükə yaradır:
 
“Türkiyə həm NATO ölkəsidir, həm də Rusiya ilə münasibətləri olan bir dövlət kimi Ukrayna və Rusiya arasında vasitəçilik rolunu ən yaxşı şəkildə yerinə yetirə biləcək mövqedədir. Daha əvvəl iki dəfə İstanbulda təşəbbüs edilən sülh masası Ukrayna–Rusiya böhranında ən önəmli addımlardan biri kimi qarşıda durur. Bundan sonrakı mərhələdə bir sülh anlaşması olacaqsa, bunun İstanbulda baş tutması daha məntiqli görünür.
Türkiyə bir tərəfdən Avropa İttifaqı və ABŞ-la danışıqlar apararkən, digər tərəfdən Rusiya ilə əlaqələrini davam etdirərək böhranın sülhə çevrilməsi baxımından çox mühüm bir mövqeyə sahibdir. Ərdoğan–Putin arasında telefon danışığı da  bu baxımdan qiymətləndiriləndə, sülhün İstanbulda imzalanması istiqamətində daha bir addım atıla bilər. Sülhün əldə olunmaması halında böhranın sürətlə Rusiya–Avropa qarşıdurmasına çevriləcəyi ehtimalı nəzərə alınarsa, bu, Türkiyə üçün də ciddi bir problemə çevrilə bilər. Buna görə də Ərdoğan bu günlərdə diplomatik fəaliyyətlərini daha da intensivləşdirəcək”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər