Çin dünyanın ən uzun körpüsünə sahibdir. Uzunluğu 164 kilometr olan Danyan–Kunşan Böyük körpüsü mühəndislik sahəsində rekord sayılan tikililərdən biridir.
Moderator.az Lent.az-a istinadla xəbər verir ki, körpünün tikintisı 2006-cı ildə başlayıb və 5 il davam edib.
Körpü Pekin–Şanxay sürətli dəmir yolu xəttinin ən vacib hissələrindən biridir və Şanxay ilə Nankin şəhərlərini birləşdirir. Layihənin dəyəri 8,5 milyard dollar təşkil edib. Üzərindən yüksək sürətli qatarlar keçən bu nəhəng viaduk 2011-ci ildə istifadəyə verilib.
Marşrut Yanqtsı çayının təbii qıvrımlarını təkrarlayır
Körpü təkcə rekord uzunluğu ilə deyil, həm də funksionallığı ilə seçilir. Onun əsas məqsədi çaylarla və düyü tarlaları ilə zəngin olan ərazini qorumaq və dəmir yolu üçün təhlükəsiz keçid yaratmaqdır.
Körpü Yanqtsı çayı boyunca uzanır. Marşrut çayın təbii əyrilərini təkrarlamaq üçün xüsusi əyrixətli şəkildə layihələndirilib. Təxminən 5 mil (8 kilometr) hissə Yançen gölünün üzərindən keçir.
Səyahət vaxtını yarıbayarı azaldıb
Danyan–Kunşan körpüsü istifadəyə verilməmişdən əvvəl, Ninqbo ilə Ciasin arasındakı dəmir yolu səyahəti 4,5 saat çəkirdi. Yeni körpünün açılmasından sonra bu vaxt cəmi 2 saata düşüb.
Pekin və Şanxay arasındakı 1000 kilometrlik məsafə də indi yüksək sürətli qatarlarla təxminən 4 saat 48 dəqiqəyə qət edilir.
Körpü zəlzələlərə və gəmi toqquşmalarına qarşı möhkəmləndirilib
Çin təbii fəlakətlərdən sığortalanmadığı üçün mühəndislər tikinti zamanı ciddi təhlükəsizlik standartları tətbiq ediblər:
Körpü ən yüksək antiseismik normalara uyğun tikilib və güclü zəlzələlərə tab gətirə bilir. Altından hər gün yüzlərlə gəmi keçir və körpü onların mümkün toqquşmalarına davam gətirəcək şəkildə gücləndirilib.
Mütəxəssislər bildirirlər ki, körpünün istifadəyə verilməsi regionun iqtisadi fəaliyyətini xeyli artırıb və o, turistlər üçün də cəlbedici məkanlardan birinə çevrilib.
Çində tikilən digər rekord körpülər
2024-cü ilin sentyabrında Çində daha bir unikal körpü, dünyanın ən hündür asma körpülərindən biri olan Huaçzyan körpüsü açılıb. Üç ilə tikilən bu nəhəng tikiliyə 300 milyon dollardan çox vəsait xərclənib.
Körpü Quyçjou əyalətində yerləşən Böyük Kanyon üzərindən keçir. O, məşhur San-Fransiskodakı “Qızıl Qapı” körpüsündən xeyli hündürdür. Əvvəllər sürücülər kanyon ətrafında yol qət etmək üçün 2 saata yaxın vaxt sərf edirdilər, indi isə körpü sayəsində bunu iki dəqiqəyə edə bilirlər.