Dünya
137
15:45, Bu gün

"Avropanın etirazı: Trampın "sülh planı" yenidən yazılmalıdır" - "Politico"

"Avropa "sülh planı"nın bəndlərini dəyişdirməyə çalışır, Kiyev isə ABŞ təzyiqi altında qalır..."

ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə təqdim etdiyi 28 bəndlik sülh planı Avropa paytaxtlarında siyasi zəlzələ yaradıb.

Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.

Qərb xəritəni deyil, prinsipi müzakirə edir

Nəşr yazır ki, Avropa liderləri planın ideyasını - müharibənin dayandırılmasını dəstəkləsələr də, onun məzmununu qəbuledilməz hesab edirlər. Şimali İttifaqın əsas oyunçuları - Almaniya, Fransa, Böyük Britaniya, eləcə də Kanada və Yaponiya açıq şəkildə bildiriblər ki, plan yenidən işlənməlidir. Bu mövqe ilk dəfə deyil, lakin indi Avropa ilk dəfə diplomatik masa arxasına dəvət olunub və prosesdən tam kənarda qalmaq təhlükəsi aradan qalxıb.

Avropanı nə narahat edir?

Xəbərlərə görə, Avropa Birliyi planın ən azı dörd əsas məqamının dəyişdirilməsini tələb edir:

- Donbas və Krımın Rusiyaya verilməsi - qəti şəkildə rədd olunur;

- Ukrayna ordusunun məhdudlaşdırılması - Kiyev üçün təhlükəsizlik riski hesab olunur;

- Rusiyanın təhlükəsizlik zəmanətləri etibarsız və hüquqi dəyəri olmayan gediş sayılır;

- Dondurulmuş aktivlərin Kremlin investisiyalarına yönləndirilməsi "tamamilə qəbuledilməz" qiymətləndirilib.

Liderlər bildirir ki, sərhədlər güc yolu ilə dəyişdirilə bilməz və Ukraynanın silahsızlaşdırılması yeni təcavüz üçün zəmin yaradar. Eyni zamanda, Fransa prezidenti Emmanuel Makron, planın ümumi fəlsəfəsini "iş üçün baza" adlandırsa da, açıq şəkildə xəbərdar edib: plan Avropa ilə razılaşdırılmadan qəbul oluna bilməz, çünki onun nəticələrinə məhz Avropa qatlanacaq.

ABŞ təzyiq edir, Avropa isə ləngimir

ABŞ Kiyevdən tez qərar gözləyir: noyabrın 27-si qeyd olunur. Mətbuata sızan məlumatlara əsasən, amerikalı diplomatlar Ukraynanı xəbərdar edib - bu variant rədd edilərsə, daha pis bəndlərlə üz-üzə qala bilər. Avropa isə əksinə, tələsmədən, sənədi dəyişmək və Moskvanın təsirini minimuma endirmək istəyir. Bu arada Macarıstan baş naziri Viktor Orban planı dəstəkləyərək, artıq Ukraynaya yardım paketlərini bloklamağa başlayıb.

Sülh masasında mübarizə davam edir

Hazırda Trampın planı nə rədd edilib, nə də qəbul olunub. O, bir növ "müharibənin sonuncu layihəsi" kimi masadadır, lakin Avropa ölkələrinin mövqeyi aydındır: Ukraynanın gələcəyi yalnız Vaşinqton və Moskva arasında danışıq predmeti ola bilməz. Zelenskini isə qarşıdakı günlərdə yalnız cəbhədə yox, masa arxasında da ən çətin mərhələ gözləyir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər