HƏMAS hərəkatının Qəzza sektorundakı lideri Xalil əl-Hayyanın başçılıq etdiyi nümayəndə heyəti Fələstin anklavında atəşkəs sazişinin ikinci mərhələsini vasitəçilərlə müzakirə etmək üçün Qahirəyə gedib.
Moderator.az xəbər verir ki, bunu "Al Hadath" telekanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata əsasən, nümayəndə heyəti Fələstin anklavındakı vəziyyətlə bağlı danışıqlar aparmaq üçün Misir kəşfiyyatının nümayəndələri ilə görüş keçirməyi, həmçinin vasitəçilərlə son hadisələri və Qəzza sektorunda sülh prosesinin ikinci mərhələsini müzakirə etməyi planlaşdırır. Mənbələr qeyd edirlər ki, səfər əvvəlcədən planlaşdırılıb və danışıqlar masasında İsrailin Fələstin anklavında davam edən eskalasiyası məsələsi də müzakirə olunacaq.
Xatırladaq ki, noyabrın 20-də HƏMAS İsraili Qəzza sektorunda "sarı xətt"dən kənarda nəzarət etdiyi ərazini genişləndirməkdə ittiham etmişdi. Hərəkatın iddialarına görə, İsrail hərbçiləri Qəzza şəhərinin şərqində yerləşən Əş-Şucaiyyə bölgəsində sərhəd xəttini 300 metr irəli çəkiblər.