Dünya
230
14:10, Bu gün

"Vaşinqtonda qalmaqal: Trampın Ukrayna üzrə "sülh planı"nda Moskvanın izi" - "Reuters"

"Gizli görüşlər, siyasi narahatlıq və planın ətrafında artan suallar..."

Donald Trampın komandası tərəfindən hazırlanan və 28 maddədən ibarət olan Ukrayna üzrə "sülh planı" ABŞ siyasi dairələrində ciddi qalmaqala səbəb olub. Narahatlığın əsas səbəbi planın formalaşmasında Rusiyanın iştirakı barədə yayılan məlumatlardır. 

Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, oktyabrda Mayamidə keçirilən qapalı görüşdə Trampın xüsusi elçisi Stiv Uitkoff, Trampın kürəkəni Cared Kuşner və ABŞ sanksiyaları altında olan Rusiyanın Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev bir araya gəlib. Məhz həmin görüşdən sonra planın konturları müəyyənləşdirilib.

Dmitriyev Kremlə yaxın şəxs kimi tanınır və illərdir Vaşinqton ilə Moskva arasında qeyri-rəsmi diplomatik kanallar vasitəsilə fəaliyyət göstərir. Sanksiya altında olan şəxsin planın hazırlanmasında iştirak etməsi həm Konqresdə, həm də ABŞ kəşfiyyat strukturlarında əlavə suallar yaradıb. Ukrayna tərəfi danışıqlarda iştirakını təsdiqləsə də, planın məzmununa razılığın olmadığını bildirir.

Tənqid olunan şərtlər və siyasi bölünmə

Sızdırılmış sənədə əsasən, Ukrayna şərqdə işğal olunmuş ərazilərdən imtina etməli, Krımın Rusiyanın ərazisi kimi tanınmasını qəbul etməli və NATO-ya heç vaxt qoşulmayacağına dair öhdəlik götürməlidir. Bu bəndlər həm Kiyev, həm ABŞ, həm də Avropa Birliyində "Kreml üçün yazılmış kompromis" kimi qiymətləndirilir.

Respublikaçı senator Rocer Uiker sənədi kəskin şəkildə belə xarakterizə edib: "Əgər bu sənəd sülh planıdırsa, deməli Putin üçün yazılıb. Ukrayna torpaq paylama masasına çevrilə bilməz".

Planın üzə çıxmasından sonra senator Marko Rubionun mövqeyi də sual altına düşüb. O əvvəlcə layihənin administrasiyaya aid olmadığını bildirib, daha sonra isə sənədin "real danışıqlar əsası ola biləcəyini" deyib. Digər senatorlar Rubionun bu açıqlamasını təkzib edərək onun fərdi söhbətlərdə planı "Moskvanın istəklərinin siyahısı" adlandırdığını iddia ediblər.

Beynəlxalq reaksiya və yekun mənzərə

"The Economist" nəşri planı real olmayan, balanssız və icrası mümkün görünməyən sənəd kimi dəyərləndirib. "The Guardian" isə onu “Kremlin arzusu, Ukraynanın kabusu” adlandırır. Avropa Birliyi sənədin indiki variantını qəbul etməyib və alternativ təklif hazırlayıb.

Sənəd hələ imzalanmayıb və rəsmi təsdiqini gözləyir. Lakin ekspertlərin fikrincə, artıq məsələ planın özündən çox, onun hazırlanma prosesi, Rusiyanın iddia edilən iştirakı və bunun ABŞ siyasətinə təsiri ilə bağlıdır.

Bu gedişat göstərir ki, söhbət yalnız Ukrayna müharibəsindən deyil, həm də qlobal güc balansının dəyişdirilməsi uğrunda böyük siyasi qarşıdurmadan gedir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər