Türkiyənin ən bahalı tarixi malikanəsi satışa çıxarıldı
Dünya
131
10:50, Bu gün

Türkiyənin ən bahalı tarixi malikanəsi satışa çıxarıldı

Türkiyədə İstanbul boğazının ən möhtəşəm tikililərindən biri hesab edilən tarixi Zeki Paşa malikanəsi satışa çıxarılıb.

Moderator.az bu barədə "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, İstanbul boğazının ən unikal nöqtəsində yerləşən 130 illik monumental Zeki Paşa malikanəsinin sahibi trabzonlu ailədir. Malikanənin ən tanınmış varisinin isə Meliha Baştımar olduğu qeyd edilir.

Bildirilir ki, 23 otaq, beş qonaq, səkkiz vanna otağı olan tikili uzun illərdir Türkiyənin lüks daşınmaz əmlak bazarında xüsusi yer tutur.

Boğaz xəttində yerləşən digər malikanələr iki milyarddan (80 milyon manatdan çox) altı milyard türk lirəsinə (240 milyon manatdan çox) qədər qiymətlərlə satıldığı halda, mütəxəssislər Zeki Paşa malikanəsini "əvəzsiz" ("qiyməti olmayan") kimi dəyərləndirirlər.

İstanbulun Sarıyer rayonunun Rumelihisarı məhəlləsində, Fatih Sultan Mehmet körpüsünün düz yanında yerləşən tarixi tikili dövrün məşhur memarı Aleksandr Vallauri tərəfindən Sultan II Əbdülhəmidin hakimiyyətinin nazirlərindən olan, "Filinta Mustafa" kimi tanınan Tophane marşalı Zeki Paşa üçün inşa edilib.

Barokko təsirlərini özündə ehtiva edən və qalaya bənzəyən xətləri ilə diqqət çəkən malikanə, həmçinin ən görkəmli memarlıq tikililərindən hesab olunur.

Beşmərtəbəli tikili həm dəniz tərəfdən, həm də geniş həyətindən giriş planı ilə diqqət çəkir.

Vurğulanır ki, Zeki Paşa malikanəsi, sadəcə, bir mülk deyil, həmçinin İstanbulun tarixi, memarlıq və mədəni irsini özündə cəmləşdirən dəyərli bir tikili kimi seçilir.

Link kopyalandı!
Son xəbərlər