G20-dən BMT Təhlükəsizlik Şurası ilə bağlı TARİXİ ÇAĞIRIŞ
Dünya
101
19:06, Bu gün

G20-dən BMT Təhlükəsizlik Şurası ilə bağlı TARİXİ ÇAĞIRIŞ

Cənubi Afrikada keçirilən G20 sammitindən sonra ölkələr BMT Təhlükəsizlik Şurasının yenilənməsi ilə bağlı razılığa gəliblər.
 
Moderator.az xəbər verir ki, yekun bəyannamədə bu qurumun müasir dünyanın reallıqlarını əks etdirmədiyi bildirilib.
 
Liderlər hesab edirlər ki, islahatlar Şuranı daha nümayəndəli, şəffaf və effektiv etməlidir.
 
Sənəddə bildirilir ki, dəyişikliklər məsuliyyət bölgüsünü daha doğru qurmağa və qəbul olunan qərarlara etimadı artırmağa kömək edəcək.
 
Sammit iştirakçıları xüsusilə Afrikanın, Asiya-Sakit okean regionunun, Latın Amerikasının və Karib hövzəsinin Şurada təmsilçiliyinin artırılmasını dəstəkləyiblər. Hazırda bu bölgələr Şuranın fəaliyyətində minimal iştirak edir.
 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da çıxışında BMT sistemində islahatların aparılmasının vacibliyini vurğulayaraq, Ankaranın bu prosesə töhfə verməyə hazır olduğunu qeyd edib.
 
G20 ölkələri Sudan, Konqo Demokratik Respublikası, işğal altındakı Fələstin əraziləri, Ukrayna və digər münaqişə zonalarında ədalətli sülhün əldə olunması üçün səylərini davam etdirəcəklərini bəyan ediblər.
 
Sammit iştirakçıları həmçinin iqlim dəyişikliyi probleminə xüsusi diqqət ayırıblar. Sənəddə qlobal temperatur artımının məhdudlaşdırılması və Paris Sazişinin öhdəliklərinə əməl edilməsinin vacibliyi vurğulanır.
 
Qeyd edək ki, G20 sammiti 22-23 noyabr tarixlərində Yohannesburqda keçirilir. ABŞ tədbiri boykot edib. Donald Tramp sammitin Cənubi Afrikada keçirilməsini “Böyük biabırçılıq” adlandıraraq, ölkə hakimiyyətinin afrikanerləri təqib etdiyini və onların hüquqlarını pozduğunu iddia edib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər