Gürcüstanın daxili işlər naziri türkiyəli generalla təyyarə qəzasını müzakirə edib
Dünya
106
11:48, Bu gün

Gürcüstanın daxili işlər naziri türkiyəli generalla təyyarə qəzasını müzakirə edib

Gürcüstanın daxili işlər naziri Geka Geladze Türkiyə Hərbi Hava Qüvvələrinin Qiymətləndirmə və Təftiş direktoru general-leytenant Yaşar Kadıoğlu ilə görüşüb.

Bu barədə məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb.

Nazirliyin açıqlamasına görə, Yaşar Kadıoğlu qəzaya uğramış hərbi təyyarə ilə bağlı Gürcüstana gələn Türkiyə nümayəndə heyətinə rəhbərlik edib. Nümayəndə heyəti Gürcüstan tərəfi ilə birlikdə hadisə yerində axtarış-xilasetmə və istintaq proseslərində iştirak edib.

Görüş zamanı general-leytenant Kadıoğlu səmərəli əməkdaşlığa və yüksək koordinasiyaya görə Geka Geladzeyə təşəkkürünü bildirib. Onun sözlərinə görə, qəza bölgəsində çalışan Gürcüstan polis bölmələri peşəkarlığı və yüksək standartlara uyğun fəaliyyəti ilə seçilib.

Görüşdə daxili işlər nazirinin birinci müavini Roni Mesxi, Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin rəhbəri Temur Mqebrişvili, Türkiyənin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Ali Kaan Orbay, səfirliyin digər nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, 11 noyabrda Türkiyəyə məxsus hərbi təyyarə Gürcüstan dövlət sərhədindən təxminən 5 km aralıda qəzaya uğrayıb. Hadisə nəticəsində Türkiyə Hərbi Hava Qüvvələrinin 20 əməkdaşı həlak olub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər