Bu gün, 21 noyabrda Ukrayna Ləyaqət və Azadlıq Gününü qeyd edir. Bu tarix Ukraynanın taleyində mühüm rol oynamış iki hadisəni – 2004-cü il “Narıncı inqilab”ı və 2013–2014-cü illərin Ləyaqət İnqilabını birləşdirir. Həmin dövrlərdə ukraynalılar öz seçim hüququnu və demokratiyanı qorumağı bacardılar. Bu gün isə Rusiya tərəfindən Ukraynaya qarşı aparılan genişmiqyaslı müharibə şəraitində bu tarix daha da böyük əhəmiyyət kəsb edir və bizə xatırladır ki, azadlıq və ləyaqət uğrunda mübarizə hər gün davam edir. “Ləyaqət və Azadlıq Günü – hər gün, fasiləsiz” formulu göstərir ki, biz dəyərlərimizi hər gün müdafiə edirik: əsgərlərimiz – cəbhədə, könüllülərimiz – arxa cəbhədə, hər bir vətəndaş – öz gündəlik həyatında. Necə ki, Azərbaycan 1990-cı il 20 Yanvar faciəsi zamanı həlak olanların xatirəsini unutmur və ehtiramla yad edir, Ukrayna da heç vaxt “Səmavi Yüzlük” qəhrəmanlarını unutmayacaq – onların həyatı həqiqət və azadlıq uğrunda ən yüksək qurban oldu və bu gün də bizi sınaqlar qarşısında geri çəkilməməyə ruhlandırır.
2022-ci il 24 fevralda, səhər saat 5 radələrində Rusiya – bir zamanlar nasistlərin etdiyi kimi – müharibə elan etmədən Ukraynaya qarşı genişmiqyaslı işğal əməliyyatına başladı və ölkəmizi qanlı savaş meydanına çevirdi… Bu, həyat uğrunda, müstəqillik uğrunda, azadlığımız və ləyaqətimiz uğrunda mübarizə idi. Rusiyanın gündəlik terror hücumları Ukraynanın şəhər və rayonlarında dinc sakinləri, o cümlədən uşaqları öldürür, mülki infrastrukturu dağıdır. Düşmən qəsdən evləri, xəstəxanaları, məktəbləri hədəfə alır – bu, bəşəriyyətə qarşı hərbi cinayətlərdir. Lakin nə qorxu, nə də amansız Rusiya terroru Ukrayna xalqını sındıra bildi. Ordumuz fədakarcasına döyüşür, işğalçıya layiqli cavab verir. Biz düşmənin hücumlarının qarşısını alırıq və torpaqlarımızın tam azad olunması uğrunda mübarizə aparırıq. Rusiya ordusu elan etdiyi heç bir məqsədə nail ola bilməyib. Tərəfdaşlarımızın dəstəyi və Qərb ölkələrinin sanksiya siyasəti Rusiyanın hərbi-sənaye kompleksinə ciddi təsir göstərərək istehsal sahələrinin tənəzzülünə və Rusiya Federasiyasında hərbi məhsulun həcminin və keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Bu illər ərzində davam edən ədalətsiz müharibə xalqımızın sarsılmazlığını və beynəlxalq ictimaiyyətin, müttəfiqlərimizin və tərəfdaşlarımızın güclü dəstəyini bir daha sübut etdi.
Rusiya beynəlxalq hüququ pozmağa davam edir və dinc əhaliyə qarşı terror tətbiq edir – şəhərlərə kaset bombardmanlarından tutmuş kimyəvi silahdan istifadəyə qədər. Biz hər gün buna qarşı mübarizə aparırıq və ölkəmizi və vətəndaşlarımızı qorumaq üçün bütün gücümüzü səfərbər edirik. Beynəlxalq dəstək isə həyati əhəmiyyət daşıyır. Ukrayna Prezidenti Volodımır Zelenskinin dediyi kimi: “Heç bir dövlət belə təzyiqə, belə bir şərə qarşı təkbaşına davam gətirə bilməzdi.” Buna görə də aqressora qarşı mübarizəni gücləndirmək, Rusiyaya qarşı sanksiyaları artırmaq və müdafiə qabiliyyətimizi möhkəmləndirmək lazımdır. Yalnız beynəlxalq ictimaiyyətin sərt təzyiqi Rusiyanı zorakılıqdan imtina etməyə və real sülh danışıqlarına məcbur edə bilər. Bizim məqsədimiz – ədalətli sülhdür: BMT Nizamnaməsinə və Ukrayna Konstitusiyasına əsaslanan sülh. Biz bu prinsipdə qətiyyətlə dayanırıq, çünki “qüvvə qorxusu altında deyil, hüququn qorunması altında yaşanan sülh” – aqressiyanın nə Ukraynaya, nə də başqa bir ölkəyə qarşı yenidən başlamamasının yeganə qarantıdır.
Ukrayna və Azərbaycanı ortaq tarixi çağırışlar, həmçinin ərazi bütövlüyü və suverenliyin dəyişməz dəstəyi birləşdirir. Bu səbəbdən Azərbaycan xalqı bu gün öz torpağı uğrunda döyüşənlərin ağrısını xüsusilə dərindən anlayır. Sizin anlayışınız və dəstəyiniz bizim üçün çox dəyərlidir. Ukraynaya göstərilən köməyi və ölkələrimizin qarşılıqlı suverenlik dəstəyini yüksək qiymətləndiririk. Prezident Volodımır Zelenski son telefon danışığında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ölkəmizə göstərilən humanitar yardıma görə təşəkkür edib. Liderlər Azərbaycanın Ukraynadakı Səfirliyinin inzibati binasına qarşı növbəti raket hücumunu qətiyyətlə pisləyiblər. Prezident İlham Əliyev bu hadisə ilə bağlı ciddi narahatlığını ifadə edib və beynəlxalq hüquq normalarına görə diplomatik nümayəndəliklərə hücumların yolverilməz olduğunu vurğulayıb.
Ukraynada hərbi əməliyyatlara baxmayaraq, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq dinamik şəkildə inkişaf edir. Ümumi prioritet ticarət-iqtisadi əlaqələrin möhkəmləndirilməsidir. Azərbaycan istiqamətinə Ukrayna ixracının müxtəlif mövqelər üzrə 10–15% sabit artımı müşahidə olunur, qarşılıqlı ixrac-idxal əməliyyatlarının nomenklaturası genişlənir. Enerji sahəsində yeni imkanlar yaranır: Azərbaycan qazının Ukraynaya test tədarükü həyata keçirilib. Biz qaz tədarüklərinə dair uzunmüddətli müqavilələr imzalamaqda və Ukraynanın və Avropanın enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyan layihələri həyata keçirməkdə maraqlıyıq. Perspektivli layihələr arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq da var.
Nəqliyyat sahəsində də əməkdaşlıq genişlənir. Qara dəniz və Xəzər dənizi vasitəsilə nəqliyyat yollarının bərpası və genişləndirilməsi üzərində işləyirik, o cümlədən GUAM nəqliyyat dəhlizi kimi regional formatları inkişaf etdiririk. Ukrayna Azərbaycanın limanlarından, avtomobil və dəmir yollarından Avropaya daşımalar üçün tranzit imkanlarında maraqlıdır. Öz növbəsində, Azərbaycan dövlət və biznes qurumları Ukraynada etibarlı tərəfdaş görür və öz yükləri və enerji resursları üçün tranzit ölkə kimi dəyərləndirir.
Bütün bu addımlar ölkələrimizin xalqlarının rifahı və ədalətli sülh naminə çiyin-çiyinə irəliləmək niyyətini təsdiqləyir.
Ukrayna üçün Ləyaqət və Azadlıq Günü təkcə keçmişin xatirəsi deyil, həm də bu gün fəaliyyətə çağırışdır. Tarixin dərsləri bizi gələcəyimizi hüquq və həmrəylik prinsipləri üzərində qurmağa sövq edir. Azərbaycan və Ukrayna bir-birinə dəstək göstərərək və ortaq prinsipləri müdafiə edərək bütün qitədə möhkəm sülhün qurulmasına mühüm töhfə verir.
Xalqlarımızın birliyi və Ukrayna ilə Azərbaycanın strateji tərəfdaşlığı bizə bu gün çox ehtiyac duyulan sülhün uzunmüddətli və ədalətli olacağına inam verir. Biz beynəlxalq hüquqa və BMT Nizamnaməsinə əsaslanan ədalətli sülhə can atır və bu sülhü yaxınlaşdırırıq – elə bir sülh ki, burada dövlətlərin sərhədləri, müstəqillik və suverenlik toxunulmazdır və hər bir millət öz gələcəyini ləyaqətlə və azad şəkildə qura bilər.
Yuri Qusev
Ukraynanın Azərbaycandakı Səfiri