"Qorxu, sevgi və özünü dərketmə..."
İnsan ömrünün təxminən üçdə birini yuxuda keçirir. Bu zaman beyin xarici aləmdən ayrılır, bədən istirahət edir, amma daxili dünyamızda baş verən hadisələr bəzən real həyatdan daha canlı görünür.
Moderator.az xəbər verir ki, bu barədə "tsn.ua" nəşri yazıb.
Tarix boyu yuxular ilahi, demonik və ya gələcəyə işarə edən mesajlar kimi qəbul olunub. Tanınmış neyrocərrah və tədqiqatçı, "Neyrofitnes: beynin işini yaxşılaşdırmaq üçün neyrocərrahın tövsiyələri" kitabının müəllifi Dr. Rahul Jandial yuxulara beynin vacib aləti kimi baxmağı tövsiyə edir. Onun fikrincə, yuxu təsadüfi "fon səsi" deyil, adaptasiya olmağa, emosiyaları idarə etməyə və özünü daha yaxşı dərk etməyə kömək edən əhəmiyyətli mexanizmdir.
Yuxular niyə bu qədər real görünür?
Dr. Jandial izah edir ki, yuxularda yaşadığımız emosiyalar real həyatda hiss etdiklərimizdən fizioloji baxımdan çox da fərqlənmir. Məsələn, yuxuda qaçırsınızsa, beyin motor korteksi sanki həqiqətən də qaçırmış kimi fəallaşır. Toxunuş hiss edirsinizsə, sensor korteks işləyir. Beyin yuxu və reallıq arasında sərt emosional sərhəd qoymur, buna görə də parlaq yuxudan sonra oyanmaq bəzən emosional yuxu sonrası boşluq kimi hiss olunur".
Kabuslar nəyi xəbər verir və onları necə idarə etmək olar?
Yetkinlərdə kabuslar daxili gərginlik və narahatlıq səviyyəsinin göstəricisi ola bilər. Nadir kabuslar normaldır, amma tez-tez, aqressiv və ya qorxu ilə oyandıran kabuslar stres və ya travmatik təcrübənin işarəsi ola bilər.
Yuxuları qismən idarə etmək mümkündür. Təkrarlanan kabuslar üçün istifadə olunan "görüntü məşqləri" metodu insanın yuxu zamanı yaşadığı qorxulu səhnələrin daha təhlükəsiz və sakit versiyasını detallı şəkildə təsəvvür etməsindən ibarətdir.
Bəzən bu yeni ssenari yazılıb dəfələrlə oxunur və beyin tədricən köhnə yuxu mövzusunu yeni ilə əvəz edir. "Şüurlu yuxu" zamanı isə insan yuxuda olduğunu anlayır. Bu, oyanma və yuxu əlamətlərinin kəsişdiyi maraqlı, "hibrid" vəziyyətdir və göstərir ki, sərhəd həmişə sərt deyil.
Klassik yuxu motivlərinin gizli mənası
Dr. Jandiala görə yuxular insanın özünü daha dərindən dərk etməsinə kömək edir.
- İmtahanda uğursuzluq
Bu yuxular əksər hallarda narahatlığı göstərir. Gecikmək, vaxtında yetişməmək kimi səhnələr eyni motivin müxtəlif versiyalarıdır - "mən yetişə bilməyəcəm", "mən bacarmayacağam".
- Təqib edilmək
Qaçmaq, təqib altında olmaq ən universal yuxulardan biridir. Bu, həyatınızda qaçmağa çalışdığınız mövzunun əlaməti ola bilər: konflikt, öhdəlik, qorxu, çətin söhbət və ya təxirə salınmış qərar.
- Partnyora xəyanət
Erotik yuxular, xüsusilə xəyanət səhnələri geniş yayılıb. Bu, münasibətlərdəki narazılığı əks etdirmir, sadəcə təxəyyülün işidir.
- Sevdiyiniz şəxslə görüş
Keçmişdən bir insanla görüş yuxuları güclü emosiyalar doğurur: sevinc, kədər, hüzn, bəzən günah və ya qəzəb. Bu yuxular daxili hisslərinizi üzə çıxara bilər.
- Uşaq yuxusu
Hamiləlik və ya həyatın yeni mərhələsi ilə bağlı yuxular tez-tez yeni başlanğıcları simvollaşdırır.
- Ölüm və vəfat etmişlər
Yuxuda vəfat etmiş yaxınlarla görüş insanın itkini emal etməsinə, daxili sülh tapmasına kömək edə bilər.
Beyin niyə yuxuya ehtiyac duyur?
Dr. Jandiala görə, yuxular beynin yüksək intensivlikdə məşqidir. Gecə boyunca beyin emosional dolu, vizual təsvirli və hərəkətli ssenariləri işləyir. Bu, beyinin çevik qalmasına, müxtəlif ssenariləri sınamasına, güclü emosiyaları təhlükəsiz şəkildə yaşamasına imkan verir.
Hər kəs yuxu görür, amma niyə unuduruq?
Demək olar ki, hər kəs yuxu görür, amma hamı xatırlamır. Beyin yuxuda baş verən hadisələrin böyük hissəsini silir ki, reallıq və yuxu qarışmasın. Bəzən emosional və ya qorxulu yuxular xatırlanır, amma ümumiyyətlə yuxuları unutmaq faydalıdır. Dr. Jandiala görə, yuxular hazır cavablar vermir, amma onlar psixikanın yumşaq göstərişləri kimi bizə daxili qorxularımızı, istəklərimizi və özümüzlə dialoqa ehtiyacımız olan mövzuları göstərir.