Dünya
148
21:50, Bu gün

"İranın kritik su böhranı: paytaxt köçürüləcək?" - İsrail mətbuatı

"Su qıtlığı Tehranı yaşanmaz şəhərə çevirir və hakimiyyət paytaxtın köçürülməsini qaçılmaz hesab edir..."

İranda su çatışmazlığı artıq fövqəladə mərhələyə keçib. Ölkə prezidenti Məsud Pezeşkian açıq şəkildə etiraf edir ki, Tehran yaxın illərdə yaşanmaz şəhərə çevrilə bilər və paytaxtın köçürülməsi artıq alternativ yox, məcburiyyətə çevrilib. 

Moderator.az xəbər verir ki, bu barədə "israilinfo.co" nəşri yazıb.

Nəşr yazır ki, eyni zamanda hakimiyyət sərt məhdudiyyətlər tətbiq edir, ABŞ Dövlət Departamenti isə illərlə davam edən məsuliyyətsizliyi əsas günahkar adlandırır.

"Artıq seçimimiz yoxdur"

Qəzvinə səfəri zamanı Pezeşkian su qıtlığını İran üçün birinci dərəcəli təhlükə adlandırıb və paytaxtın köçürülməsinin qaçılmaz olduğunu vurğulayıb: "Biz paytaxtı köçürmək lazım olduğunu deyəndə büdcəmiz yox idi. Olsaydı, bəlkə də bunu həyata keçirərdik. Amma hamı deyirdi ki, bu, mümkün deyil. Bu gün isə reallıq dəyişib - artıq seçimimiz yoxdur, bu, zərurətdir".

Prezidentin sözlərinə görə, bəzi bölgələrdə torpağın çökməsi 30 santimetrə çatıb, Pezeşkian bunu "fəlakət" adlandırıb. Texniki baxımdan Körfəz bölgəsindən Tehrana su gətirmək mümkündür, lakin bunun dəyəri bir kubmetr üçün təxminən 500 min tümən olacaq. O soruşur: "Belə qiymətə su gətirmək məntiqlidir? Bunu izah edən hansı məntiq var?".

Məhdudiyyətlər və mümkün təxliyə

Rəsmilərin ritorikası getdikcə daha kəskinləşir. Hələ noyabrın 6-da prezident xəbərdarlıq edib ki, noyabrın 21-dən etibarən yağış yağmasa, sudan istifadəyə normativ tətbiq olunacaq. Daha pis halda: "Əgər yağış olmayacaqsa, Tehranı təxliyə etməyə məcbur olacağıq".

Bu xəbərdarlıqlar artıq real tədbirlərə çevrilir. noyabrın 20-dən etibarən Tehranın Su və Kanalizasiya Şirkəti elan edib ki, yüksək həcmdə su sərf edən abonentlərin suyu 12-24 saatlıq kəsiləcək. İran Su Sənayesi Federasiyasının rəhbəri Rza Hacı Kərim isə vəziyyətin prezidentin dediyindən daha ağır olduğunu bildirərək deyib ki, real mənzərə rəsmi statistikadan "daha qorxuncdur".

"Bu böhran qaçılmaz deyildi"

ABŞ Dövlət Departamenti "X" platformasında yayımladığı bəyanatda məsuliyyəti tam şəkildə İran hakimiyyətinin üzərinə qoyub: "Böhran təkcə quraqlığın deyil, onilliklər boyu yarıtmaz idarəetmə və uğursuz siyasətin nəticəsidir".

Amerikalı diplomatların fikrincə, Tehran illərlə ekoloqların xəbərdarlıqlarına məhəl qoymauıb və zəruri islahatları ertələyib. Dövlət Departamentinin bəyanatında əlavə olunur: "Bu vəziyyət qaçılmaz deyildi - rejim öz siyasi məqsədləri naminə İranın ekosistemini qurban verib və indi bunun əvəzini milyonlarla adi vətəndaş ödəyir".

İran hökumətinin özü ilk dəfə açıq şəkildə etiraf edir ki, Tehran yaxın perspektivdə yaşamaq üçün təhlükəli ola bilər. Bu isə təkcə ekoloji böhran deyil, siyasi, iqtisadi və sosial düzənə təsir edəcək strateji bir dönüş nöqtəsidir. Paytaxtın köçürülməsi illərlə müzakirə edilən ideyadan real plan mərhələsinə keçir. Su böhranı isə artıq ölkədə gələcəyin yox, bu günün problemi kimi yaşanır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər