Konqo Demokratik Respublikasında "İslam Dövləti" (İD) ilə əlaqəli silahlılar ölkənin şərqində həyata keçirilən hücumlar zamanı 89 dinc sakini qətlə yetiriblər.
Moderator.az-ın məlumatına görə, bunu "Reuters" BMT-nin sülhməramlı missiyası (MONUSCO) istinadən xəbər verib.
Məlumata əsasən, hücumlar "Müttəfiq Demokratik Qüvvələr"in (ADF) silahlıları tərəfindən Şimali Kivu vilayətinin bir neçə yaşayış məntəqəsində 13–19 noyabr tarixləri arasında törədilib. 89 nəfərdən azı 20-si qadındır. Onların arasında qeyri- müəyyən sayda uşaq da var.
Hücumlardan birində silahlılar Byambve qəsəbəsindəki katolik kilsəsinə aid tibb mərkəzinə basqın edərək, hamilə qadınlar da daxil olmaqla ən azı 17 nəfəri öldürüblər və xəstələrin yerləşdiyi dörd şöbəni yandırıblar.
Digər cinayətlər arasında insanların oğurlanması və tibbi preparatların talan edilməsi də var.
"MONUSCO Konqo hakimiyyətini bu kütləvi qətllərin icraçılarını və köməkçilərini müəyyənləşdirərək məsuliyyətə cəlb etmək üçün dərhal müstəqil və etibarlı araşdırmaya başlamağa çağırır", – təşkilatın bəyanatında qeyd olunub.