"Ukrayna səmasında özünü təsdiqləyən sistem artıq NATO silahlanmasına daxil olur..."
Ukraynada döyüşlər zamanı yaxın məsafəli hava müharibəsinin qaydaları dəyişib və bu yeni reallığa cavab verən sistemlərdən biri də ABŞ istehsalı olan "Merops"dur.
Moderator.az xəbər verir ki, bu barədə "Business Insider" nəşri yazıb.
Nəşr yazır ki, bu sistem artıq NATO ölkələrinin arsenalına daxil edilir və son aylarda xüsusilə Polşa və Rumıniya üçün prioritet silaha çevrilib. Səbəb isə sadədir: "Merops" indiyə qədər təxminən 2 000 düşmən dronunu məhv edib və real döyüş sınaqlarından uğurla çıxıb.
"Merops" necə işləyir?
"Merops" kompleksi bir neçə elementdən ibarətdir: idarəetmə mərkəzi, buraxılış qurğusu və əsas zərbə elementi olan "Surveyor" adlı ələkecirici dron. Bu dron yalnız idarəolunan uçuşla məhdudlaşmır, o həmçinin radio siqnalları ilə hədəfi izləyə bilir, termal və radar sensorlarından istifadə edir, elektron müharibə müdaxilələrini aşmaq bacarığına malikdir.
"Surveyor" saatda 280 km-dən çox sürət toplaya bilir və ya hədəfi birbaşa vuraraq, ya da hədəfin yaxınlığında kiçik döyüş başlığı partladaraq məhv edir. Əgər missiya uğursuz olarsa, o, paraşütlə yerə endirilir və yenidən istifadə edilir. Bu, sistemin əsas üstünlüklərindən biridir və təlim prosesində ciddi büdcə qənaəti yaradır. ABŞ ordusunun çavuşu Reyli Xayner deyib: "Bu sistem həm mobil, həm də etibarlıdır. Biz onun təxminən 95 faiz dəqiqliklə hədəfi vurduğunu görmüşük".
NATO niyə "Merops"-a keçir?
"Business Insider" yazır ki, Polşa və Rumıniya "Merops"-u sırf texniki yenilik kimi yox, zərurət kimi alır. Son aylarda onların hava məkanında naməlum uçuş aparatlarının görünməsi regionda narahatlıq yaradıb və NATO ölkələri ilk dəfə real olaraq ucuz dron hücumları ilə bahalı hava hücumundan müdafiə sistemləri arasında balansın nə qədər pozulduğunu görüb. Əvvəllər Rusiya istehsalı kamikadze dronlara qarşı hava-hava raketi ilə cavab verilirdi, bu isə maddi cəhətdən absurd həddə baha bir model idi.
"Merops" isə bu problemi aradan qaldırır, çünki bir "Surveyor" dronunun qiyməti 15 min dollar civarındadır, hədəf aldığı dronların dəyəri isə bəzən bunun 2-3 qatıdır, sistem həm tək, həm də qrupla hücum edən dronlara qarşı tətbiq oluna bilir. ABŞ-ın 10-cu HHM komandanlığının rəhbəri general Kortis Kinq bunu belə ifadə edib: "Müasir döyüşdə həll yolu bahalı raketlər deyil, ucuz, dəqiq və miqyaslana bilən müdafiədir".
Zəif tərəflər və məhdudiyyətlər
"Merops"bütün problemləri həll etmir. Sistem əsasən iri tipli kamikadze dronlara, kəşfiyyat aparatlarına, reaktiv mühərrikli sürətli dronlara qarşı hazırlanıb. Əksinə, FPV tipli kiçik, aşağı uçan və sürətli dronlara qarşı bu sistem universal vasitə deyil. Bu tip hədəflər üçün NATO hələ də alternativ həll yolları (radioelektron müdaxilə, şəbəkə tipli müdafiə, lazer sistemləri və s.) üzərində işləyir.
Yeni döyüş fəlsəfəsi
"Merops" təkcə yeni texnologiya deyil, hazırkı müharibənin rəmzidir, dronlara qarşı dronlarla savaşdır. Ukrayna müharibəsi göstərdi ki, hava üstünlüyü artıq yalnız təyyarələr və HHM sistemləri ilə deyil, ucuz və ağıllı aviasiya platformaları ilə müəyyən olunur. Nəşrin fikrincə, "Merops"-un NATO silahlanmasına daxil edilməsi gələcək müharibələrin də necə olacağını göstərir: bu; daha çox avtomatlaşdırma, daha az böyük platformalar və daha çox kiçik, lakin ölümcül texnologiyalar deməkdir.