"Rusiyanın enerji ixracına sanksiya səbəbindən dənizlərdə alıcısız qalan neft bazarı silkələyir..."
ABŞ-ın Rusiyanın ən böyük enerji şirkətləri - "Rosneft" və "Lukoyl"a qarşı tətbiq etdiyi yeni sanksiyalar enerji bazarında ciddi tıxac yaradıb.
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri yazıb.
Təhlükəli fasilə və dəyişən bazar
Məlumatda deyilir ki, hazırda 48 milyon barrelə yaxın Rusiya nefti dənizdə hərəkətdədir və alıcısız qala bilər.
Bu neft əsasən Urals və ESPO markalarıdır və bir çox tanker ya marşrutu göstərmədən üzür, ya da kiçik limanlara yönəlir. Analitiklər bildirir ki, artıq vasitəçilər riskdən çəkilir və Rusiya ilə neft ticarəti "toxunulması təhlükəli" kateqoriyasına düşüb.
Hələlik Moskva ixracı dayandırmır və dəniz yolu ilə gündəlik 3,4 milyon barrel nefti yükləməyə davam edir. Lakin vəziyyət dəyişir: Hindistan və Çinin bəzi şirkətləri ikinci dərəcəli sanksiyalardan ehtiyat edərək geri çəkilməyə başlayıb. Artıq Hindistanın yeddi böyük emal müəssisəsindən beşi 21 noyabrdan sonra Rusiya neftini qəbul etməyəcəyini açıqlayıb.
Qlobal nəticə nə ola bilər?
Ekspertlər vəziyyəti belə qiymətləndirir: qısa müddətdə ucuz Rusiya nefti alıcısız qala bilər, uzun müddətdə isə ticarət sxemləri yenidən qurula bilər. SSY analitiki Adam Lenning bildirir: "Bu proses bazarı yalnız bir neçə ay çətin vəziyyətdə saxlayacaq. Sonra yeni, sanksiyalardan yayınan yollar tapılacaq". Ancaq "ING Group"-dan Uorren Patterson xəbərdarlıq edir ki, əgər bu "dənizdə tıxac" uzun sürərsə, qlobal bazarda təklif azalacaq və qiymətlərdə qeyri-sabitlik artıracaq.
ABŞ-ın məqsədi nədir?
Vaşinqtonun hədəfi Kremlin enerji gəlirlərini maksimal dərəcədə azaltmaqdır. ABŞ Maliyyə Nazirliyi artıq bildirir ki, təsir hiss olunur: Rusiya neftinə tələbat düşür, endirimlər rekord həddə çatıb, Donald Tramp isə Hindistan hökuməti ilə danışıqlarda Moskvanın bazar payının azaldılması barədə razılıq əldə etdiyini deyib.
Dənizlərdə hərəkətsiz qalan milyonlarla barrel Rusiya nefti yeni mərhələnin göstəricisidir: Qlobal enerji oyunu dəyişir, ticarət marşrutları yenidən yazılır və Kreml siyasi təzyiqi bazarda hiss etməyə başlayır.