Londonun bu küçəsində icarə haqqı 40 mindən çoxdur
Dünya
191
20:00, Bu gün

Londonun bu küçəsində icarə haqqı 40 mindən çoxdur

Londonda yerləşən “New Bond Street” 2024-cü ilin nəticələrinə əsasən, dünyanın ən bahalı ticarət küçəsi elan olunub.

Moderator.az xəbər verir ki, bu barədə “Cushman & Wakefield” şirkətinin illik “Dünyanın aparıcı ticarət küçələri” hesabatında bildirilir.

Məlumata görə, son bir ildə “New Bond Street”də kommersiya sahələrinin icarə qiymətləri 22 faiz artaraq kvadratmetr üçün 20 482 avroya (40 min AZN-dən çox) çatıb. Bununla da küçə ötənilki lider – Milandakı Via Monte Napoleone-ni geridə qoyub.

Qeyd olunur ki, “Via Monte Napoleone”də icarə dərəcələri dəyişməyərək kvadratmetr üçün 20 min avro səviyyəsində qalıb. Siyahının üçüncü pilləsində isə Nyu-Yorkun məşhur 5-ci prospekti – “Fifth Avenue” qərarlaşıb. Burada isə icarə qiymətləri kvadratmetr üçün 18 360 avro təşkil edir.

Reytinqin ilk onluğunda həmçinin Seulun “Myeongdong” küçəsi, Sidneyin “Pitt Street”i, Sürixin “Bahnhofstrasse”si, Tokionun “Ginza”sı, Parisin “Champs-Élysées”i və Honq-Konqun “Tsim Sha Tsui” ərazisi yer alıb.

Qeyd edək ki, “Cushman & Wakefield” artıq 35 ildir ki, dünyanın ən bahalı ticarət küçələri ilə bağlı illik hesabat hazırlayır. Bu il reytinqə 141 şəhər daxil edilib.

Link kopyalandı!
Son xəbərlər