Türkiyə təyyarəsi cəmi 5 saniyəyə parça-parça olub
Dünya
228
10:11, Bu gün

Türkiyə təyyarəsi cəmi 5 saniyəyə parça-parça olub

Noyabrın 11-də Gəncədən havaya qalxan Türkiyə Hərbi Hava Qüvvələrinin C-130 tipli hərbi-nəqliyyat təyyarəsinin Gürcüstan hava məkanında qəzaya uğraması ilə bağlı araşdırmalar davam edir.
 
Moderator.az-ın məlumatına görə, Türkiyə mətbuatı yazır ki, qəza yerində aparılan geniş baxışdan sonra təyyarənin qalıqları xüsusi nəqliyyat vasitələri ilə Türkiyəyə daşınıb.
 
Təyyarənin qalıqları Türkiyə Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kayseri vilayətindəki 2-ci Aviasiya Texniki Xidmət müəssisəsinə təhvil verilib. Burada həm qalıqlar, həm də qara qutudakı məlumatlar araşdırılacaq.
 
Rəsmi qurumlar hələlik ən önəmli suala - təyyarənin quyruq hissəsinin uçuş zamanı niyə ayrıldığına dəqiq cavab verə bilmirlər. TÜSAŞ şirkətinin ekspertləri qara qutunun məlumatlarını oxumağa davam edir və qəzanın səbəbi yalnız bu araşdırmalardan sonra bəlli olacaq.
 
Milli müdafiə naziri Yaşar Güler bildirib ki, qara qutunun tam deşifrə olunması və ilkin rəyin hazırlanması iki aya yaxın vaxt tələb edəcək: “İlkin məlumatlara əsasən, əvvəlcə quyruq hissə qopub və sonradan üç yerə bölünüb. Bu, qara qutunun təhlilindən sonra rəsmi şəkildə təsdiqlənəcək”.
 
Türkiyə mətbuatı hökumət mənbələrinə istinadən yazır ki, təyyarə havada cəmi 5 saniyə ərzində parçalanıb. Quyruq qopduqdan sonra qalan hissələr, burun və qanadlar sürətlə fırlanmağa başlayıb. Güclü vibrasiya burun hissəsinin də ayrılmasına səbəb olub. Aviasiya mütəxəssisləri bildirirlər ki, quyruq hissəsinin qopması təyyarəni tam idarəolunmaz vəziyyətə salır. Videolarda da quyruq hissəsinin təyyarənin orta bölməsindən sonra yerə düşdüyü görünür.
 
Rəsmi Ankara bildirir ki, qəzanın bütün detallarına qara qutunun tam deşifrə olunmasından sonra aydınlıq gələcək. İlkin rəsmi hesabatın 2026-cı ilin əvvəlində açıqlanacağı gözlənilir.
 
Qeyd edək ki, qəza nəticəsində 20 hərbçi şəhid olub.
Link kopyalandı!
Son xəbərlər