ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff Ukrayna Prezidenti Volodimir Zelenski ilə Türkiyədə planlaşdırılan görüşünü ləğv edib.
Moderator.az-ın xəbərinə görə, bu barədə "Axios" nəşri ABŞ rəsmilərinə istinadən məlumat verib.
"Uitkoff çərşənbə günü Türkiyədə Zelenski ilə görüşməli idi, lakin səfərini təxirə salıb", - deyə nəşr iddia edib.
Qeyd edək ki, noyabrın 19-da səhər Zelenskinin Uitkoff və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparmaq üçün Ankaraya gəldiyi bildirilib. Ukrayna liderini bundan əvvəl ABŞ-yə işgüzar səfərini başa vurmuş Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov müşayiət edir.
Bir gün əvvəl Zelenski Ukrayna münaqişəsinin həlli üzrə Rusiya ilə danışıqların bərpasına hazırlıq məqsədilə 19 noyabrda Türkiyədə bir sıra görüşlər keçirməyi planlaşdırdığını açıqlamışdı. Trampın xüsusi elçisi Uitkoffun Ukrayna lideri ilə danışıqlarda iştirak edəcəyi bildirilirdi.