Bu gün Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyəyə səfəri, davam edən Ukrayna-Rusiya müharibəsi kontekstində diplomatik gərginliyin zirvəsində baş tutacaq. Bu görüşlər, Rusiyanın Donbas regionunda əhəmiyyətli əraziləri işğal etdiyi, eyni zamanda ABŞ və Qərb ölkələrinin Ukraynaya dəstəyi ilə bağlı qeyri-müəyyənliklərin artdığı bir vaxta təsadüf edir. Xüsusilə ABŞ-da Donald Trampın mövqeyi və Ukraynaya pulsuz silah tədarükündən imtina etməsi, Kiyevin danışıqlar masasında vəziyyətini çətinləşdirir. Türkiyə isə hər iki tərəf üçün etibarlı bir dialoq platforması olmağa çalışır.
Mövzu ilə bağlı Moderator.az-a danışan Türkiyənin Dumlupinar Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Hüsamettin İnanç deyib ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Türkiyədə olacaq. Rusiyadan heç bir rəsmi şəxs bu görüşə qatılmayacaq. Onun sözlərinə görə, Zelenskinin Prezident Rəcəb Tayyib Ərdoğan və Xarici İşlər Naziri ilə bu gün mühüm görüşləri olacaq:
“Bu görüşlərin gedişatına baxdığımızda, onun atəşkəsə və ya sülh danışıqlarına çevrilmə ehtimalı çox zəifdir. Çünki Putin qətiyyən atəşkəsə və ya sülhə razı olmur. Bunun ən böyük səbəbi Trampın xüsusilə Zelenskini Oval Ofisdə danlaması, tamamilə Putinlə birlikdə hərəkət etməsi və bir mənada imperialist yayılma məqsədlərinin dəstəklənməsi ilə bağlıdır. Məlum olduğu kimi, Donbas regionunda əhəmiyyətli ərazilər rusların əlinə keçib. Bu mərhələdə, xüsusilə Trampın son vaxtlar Avropadan gördüyü təzyiqlə atəşkəsi məcbur etmək istədiyi və atəşkəsdən sonra Zelenskini itirilən torpaqları Ruslara verməyə razı salmaq cəhdi var. Lakin, Zelenskinin tarixə öz torpaqlarını Rusiyaya təslim etmiş bir lider kimi düşmək arzusu yoxdur. Digər tərəfdən baxsaq, Ukrayna arxasında Amerika olmadan müharibəni bitirə biləcək silah və sursat imkanına sahib deyil və strateji üstünlüyü də əlində saxlamır. Buna görə də, həm cəbhədə, həm də danışıqlar masasında tamamilə kilidlənmiş (dalana dirənmiş) bir vəziyyət mövcuddur. Gözlənilməyən, lakin mümkün olan ən yaxşı nöqtə atəşkəs ola bilər. Lakin bu atəşkəsin necə nəticələnəcəyi barədə Zelenskinin ciddi şübhələrinin olduğu aşkardır”.
Türkiyəli ekspert qeyd edib ki, İngiltərə müharibənin davam etməsi məsələsində bütün Avropa dövlətlərinə və Zelenskiyə təzyiq göstərir:
“Gəldiyimiz nöqtəyə həqiqətən də həllolunmaz bir nöqtə demək olar. Çünki Rusiyanın sülh müqaviləsi imzalamaq və ya atəşkəsi təmin edərək dayandırmaq kimi bir səyi görünmür. Bəlkə də bir müddət həll yolu ola bilər. Bu, nail oluna biləcək ən yüksək nöqtədir. Amma bunun təhlükələri də aşkardır. Dediyim kimi, atəşkəs təmin olunsa, Rusiya əlindəki torpaqları artıq zəmanətləmiş olmanın reallığı üzərindən bir bazarlıq masası quracaq ki, bu da Ukraynanın, yaxud Zelenskinin asanlıqla qəbul edə bilməyəcəyi bir nöqtədir. Bundan başqa, Zelenskinin qarşısında hazırda fərqli bir alternativ görünmür. Uzun mənzilli bəzi raketləri alma imkanları olsa da (məsələn, Tomahawk kimi), Amerika müharibəni tamamilə onun xeyrinə çevirəcək silahları ona vermir. Trampın məlum olduğu kimi, "Mən pulsuz, ödənişsiz və ya təmənnasız silah vermərəm. Ancaq NATO-ya istənilən silahları sataram və NATO da istədiyi qədərini Ukraynaya verər" tərzində bir yanaşması var. Və bu yanaşma Ukraynanın əlini olduqca zəiflədən bir məsələdir. Təəssüf ki, İstanbulda və ya Ankarada baş tutacaq bu görüşmələr asanlıqla sülh gətirməyəcəkdir. Çox zəif bir ehtimal olsa da, atəşkəs ehtimalı mövcud ola bilər. Zelenski atəşkəsin nəticələrini (mənfi cəhətlərini) bildiyi üçün bu mövzuya daha ehtiyatlı və təmkinli yanaşacaqdır. Hazırkı mərhələdə ən çox diqqət yetirilən nüans əsir mübadiləsi olacaqdır. Lakin bir gün yekun sülh və atəşkəs nöqtəsinə gəlinərsə, bunun ünvanının da Türkiyə olacağı olduqca aşkardır. Çünki Türkiyə "aktiv bitərəflik" adlanan yanaşmanı ifadə edərək, hər iki tərəfə bərabər məsafədə qalır, hər iki tərəflə görüşür və danışıqlar və dialoq üçün möhkəm, etibarlı aktor olmağı davam etdirir”.
Mehin Mehmanqızı