"Bir zamanlar Kremlin ideoloqu olan Markov indi sistemin öz hədəfinə çevrilib..."
İttiham: özünü "ifşa etmədiyi" üçün protokol
"Mediazona" nəşrinin məlumatına görə, Kremlə yaxın politoloq Sergey Markov barəsində Rusiyanın "xarici agent" qanunlarının pozulması ilə bağlı inzibati protokol tərtib edilib. Bu barədə məlumat noyabrın 18-də Moskvadakı Ostankino məhkəməsinin sənədlərində görünüb.
Markov hazırda "xarici agent" sayılır və qanuna əsasən, bu statusu öz təşəbbüsü ilə Rusiya Ədliyyə Nazirliyinə bildirməli idi. Qanun tələb edir ki, hər kəs xaricdən maliyyələşdiyi andan etibarən Nazirliyə müraciət etməli, özünü reyestrə daxil etdirməlidir.
Məhkəmənin məlumatında Markovun işi KoAP-ın (İnzibati hüquq pozuntuları haqqında Kodeks-red.) 19.34 maddəsinin 1-ci hissəsi - "xarici agent kimi fəaliyyət göstərən, lakin bu statusu rəsmən qeyd etdirməyən şəxs" üzrə açılıb. Bu maddəyə görə, Markovu 50 min rubla qədər cərimə gözləyir. Protokolu hansı qurumun tərtib etdiyi bilinmir və Markov hələlik məsələ ilə bağlı şərh verməyib.
Niyə Markov "xarici agent"ə çevrilib?
Rusiya Ədliyyə Nazirliyi Markovu 22 avqust 2025-ci ildə xarici agent siyahısına salıb. Rəsmi səbəb kimi onun "xarici agentlərin materiallarının yayılmasında iştirakı" göstərilib. Amma "Kommersant" qəzeti Prezident Administrasiyasındakı mənbələrə istinadən yazıb ki, qərarın əsl səbəbi Markovun İlham Əliyevi açıq şəkildə tərifləməsi olub.
2025-ci ilin yayında Moskva və Bakı arasında gərginlik fonunda Markov Şuşa Qlobal Media Forumunda çıxış edib və Azərbaycan lideri haqqında belə deyib: "O, parlaq intellektdir. O, müasir dünyanın ən təcrübəli liderlərindən biridir. Ölkəsini qələbəyə aparan lider kimi digərlərinin ondan öyrənmək istəyi tam təbiidir".
Markovun həmin sözləri Kreml tərəfindən "geosiyasi xəttin pozulması" kimi qiymətləndirilib. Həmin forumda iştirak edən digər nüfuzlu şəxs - SİTA-nın keçmiş rəhbəri Mixail Qusman da sonradan vəzifədən uzaqlaşdırılıb.
Sərt versiya: Sоловyov amili
Markov daha sonra bildirib ki, onu siyahıya salan qanun yox, Vladimir Solovyovun şəxsi kampaniyasıdır. Solovyov həmin dövrdə Markovu "Azərbaycan tərəfindən maliyyələşməkdə" ittiham edir və "onu araşdırmağa və həbs etməyə çağırıb".
Markov bu barədə belə deyib: "O, məni xarici agent edəcəyinə söz vermişdi və bunu bacardı". Jurnalistin "ölkəni tərk etməyi düşünürsünüzmü?" sualına isə Markov belə cavab verib: "Yox. Hələlik belə plan yoxdur. Rusiyaya inanmaq istəyirəm".
Bu arada Kremlin medialarından biri - "Life" nəşri Markov haqqında araşdırma dərc edib, onu bahalı daşınmaz əmlaka sahib olmaqda və ABŞ fondları ilə əməkdaşlıqda ittiham edib. Markov isə bu yazını "sifarişli material" adlandırıb və göstərilən rəqəmlərin şişirdildiyini bildirib.
Beləliklə, bir vaxtlar hakimiyyətə yaxın, loyallığı ilə tanınan Sergey Markov indi Kremlin siyasi repressiya mexanizminin öz qurbanlarından birinə çevrilib. Paradoks isə ondadır ki, onu susduran kənar düşmən yox, məhz öz informasiya sistemi və öz tərəfdarlarıdır.