Çində üç ayaqla doğulmuş it ölkənin cinayətkarlıqla mübarizə üzrə ixtisaslaşmış bölməsində işə götürülüb.
Moderator.az bildirir ki, bu barədə SCMP nəşri məlumat verib.
Məlumata görə, "Barton" ləqəbli Belçika çoban iti 2019-cu ildə Çinin şimalında xüsusi sığınacaqda doğulub. Baytarlar itin balasını inyeksiya edilərək (iynə vuraraq) öldürməyi tövsiyə ediblər, çünki o sol ön pəncəsində anadangəlmə qüsurla doğulub və yalnız üç ayaq üzərində gəzmək imkanı olub. Lakin 20 illik təcrübəsi olan kinoloq Li Syaodun "Barton"a şans vermək qərarına gəlib. O, iti öz himayəsi altına alıb və ona təlim keçməyə başlayıb.
"Barton"un öz xüsusiyyətləri səbəbindən tez-tez aldığı xəsarətlərə baxmayaraq, it üstün bacarıqlar və yüksək dərəcədə stresədavamlılıq nümayiş etdirib. Şübhəlilərin saxlanılması zamanı isə it qorxmaz və cəsarətli davranıb. İki yaşında olanda "Barton" polis iti sertifikatının alınması üçün imtahan verib və rəsmi olaraq kütləvi iğtişaşlarla mübarizə üzrə kinoloji xidmətin nümayəndəsinə çevrilib.
"Heç kim "Barton"un imtahandan keçə biləcəyinə inanmırdı, amma o öhdəsindən gəldi. Öz bacarıqları sayəsində nişanı qazanıb", - deyə kinoloq bildirib.
Çinli itin hekayəsi bir çox sosial şəbəkə istifadəçisinə dərin təsir edib.