Dünya
643
17 Nov 2025 | 22:45

"Polşada dəmir yolu sabotajı: "Bu, dövlətə qarşı misli görünməyən hücumdur" - Tusk

"Polşa mediası və hökumət rəsmiləri hadisəni terror xarakterli diversiya kimi qiymətləndirir..."

Bu, qəsdən edilmiş sabotajdır

Polşada Varşava-Lyublin dəmir yolu xəttində baş verən partlayış ölkə rəhbərliyini ciddi təhlükəsizlik xəbərdarlığı ilə üz-üzə qoyub. Baş nazir Donald Tusk sosial şəbəkədə yazıb ki, dəmir yolu infrastrukturu qəsdən partladılıb və bu, "Polşa dövlətinə və vətəndaşlarına qarşı precedentsiz sabotaj aktıdır".

Hadisə Jıçin və Mika qəsəbələri arasında qeydə alınıb. Qatar maşinisti relslərin deformasiyasını görərək hərəkəti dayandırıb və dispetçerə məlumat verib. Polis yoxlama zamanı relsdə təxminən bir metrlik partlayış izləri aşkar edib.

Hadisə anında qatarda yalnız iki sərnişin və bir neçə texniki işçi olub, xəsarət alan olmayıb. Lakin Tusk və hökumət bunu təsadüfi uğursuzluq yox, planlı təxribat kimi qiymətləndirir. Baş nazirin sözlərinə görə, bu xətt təkcə daxili nəqliyyat üçün yox, həm də Ukraynaya yardımın çatdırılmasında strateji rola malikdir.

Təhlükəsizlik xidmətləri həyəcan rejiminə keçib

Eyni gün təxminən 20 km aralıda daha bir dəmir yolu zədələnməsi qeydə alınıb. Bu dəfə qatarın tərkibində 475 sərnişin olub. Daxili İşlər Nazirliyinin sözçüsü Karolina Qaletska bildirib ki, iki hadisənin əlaqəli olması yüksək ehtimaldır və hökumət onları "ardıcıl sabotaj zəncirinin elementləri" kimi araşdırır.

Polşa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Veslav Kukula bildirib: "Bu diversiya Polşaya qarşı aparılan əməliyyatın tərkib hissəsidir. Məqsəd hökumətə, ord­uya və təhlükəsizlik institutlarına olan inamı zəiflətməkdir". Hökumət artıq xəttin Ukrayna sərhədinə qədər təxminən 120 km-lik hissəsinin ord­­u tərəfindən yoxlanıldığını təsdiqləyib. Milli Təhlükəsizlik Bürosu prezident Karol Navrotskiyə hadisə barədə rəsmi brifinq təqdim edib.

"Məqsəd qorxu yaratmaqdır və bu, yalnız başlanğıcdır"

Keçmiş hərbi əks-kəşfiyyat polkovniki Matsey Matısyak hesab edir ki, bu kimi hücumların məqsədi Polşa cəmiyyətində panika və psixoloji təzyiq yaratmaqdır: "Biz təəssüf ki, gələcəkdə daha çox belə hadisələr gözləməliyik. Onları tam şəkildə önləmək mümkün deyil, ölkədə çox böyük və geniş nəqliyyat şəbəkəsi var". Matısyak xüsusi ilə vurğulayıb ki, Ukraynaya çıxan dəmir yolu istiqamətləri ən riskli infrastruktur sayılır və bundan sonra daha ciddi mühafizə altında olacaq.

Hadisə Polşada daxili təhlükəsizlik məsələlərini gündəmin əsas mövzusuna çevirib. Hökumət diversiyanın arxasında xarici əl olduğuna işarə edir və cinayətkarların ən yaxın zamanda aşkara çıxarılacağına söz verir. Eyni zamanda ekspertlər xəbərdarlıq edir: bu yalnız daha böyük hibrid təzyiq mərhələsinin başlanğıcı ola bilər.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər