İran Pakistan-Əfqanıstan münaqişəsindən necə faydalanır?
Dünya
306
17 Nov 2025 | 21:00

İran Pakistan-Əfqanıstan münaqişəsindən necə faydalanır?

Ötən ayın əvvəllərində Pakistan aviasiyasının Əfqanıstan ərazisində "Pakistan Taliban Hərəkatı", yaxud qısaca olaraq TTP adlanan silahlı qruplaşmanın liderlərinə qarşı əməliyyatı iki ölkə arasında münasibətləri açıq qarşıdurma həddinə çatdırdı. Əfqanıstandakı "Taliban" hökuməti bu əməliyyata Pakistan ərazisinə birbaşa hücumla cavab verdi və sərhəddə baş verən qanlı toqquşmalar hər iki tərəfdən itkilərə səbəb oldu.

Moderator.az xəbər verir ki, bu barədə "Azad İran" "YouTube" kanalı süjet təqdim edib.

Süjetdə bildirilir ki, region dövlətlərinin, ilk növbədə Qətərin məsələyə müdaxiləsi nəticəsində tərəflər arasında atəşkəs əldə olunsa da, gərginlik səngimədi. Türkiyə və Qətərin vasitəçiliyi ilə Doha və İstanbulda baş tutan danışıqlar nəticəsiz qaldı. Bu azmış kimi, noyabrın 10-u və 11-də Pakistanda baş vermiş terror aktları iki ölkə arasında münasibətləri yenidən gərginləşdirdi. Pakistan və Əfqanıstan rəsmiləri və hərbçilərinin qarşılıqlı ittihamları və sərt bəyanatları münaqişənin asanlıqla və tezliklə yoluna qoyulmayacağının göstəricisinə çevrildi.

Mövcud gərginliyin kəskinləşməsində iki ölkənin - İran və Hindistanın gizli əlləri də öz işini görüb. Hindistanla bağlı məsələ özlüyündə aydındır - bu ilin may ayında Pakistanla qısamüddətli müharibədən sonra iki ölkə arasında soyuq savaş davam edir və bu kontekstdə Hindistan "Taliban" hökuməti ilə İslamabad arasındakı ziddiyyətlərdən istifadə etməyə çalışır, Pakistanla qarşıdurmada Əfqanıstana açıq dəstək verir. Təsadüfi deyil ki, oktyabr ayında Əfqanıstan-Pakistan sərhədində baş verən toqquşmalarla eyni günlərdə "Taliban" hökumətinin xarici işlər naziri Əmir xan Müttəqi Dehliyə düz bir həftə davam edən rəsmi səfər etmişdi.

İrana gəldikdə isə məsələ daha qəlizdir. "Taliban"ın hakimiyyətə qayıdışından bəri İran-Əfqanıstan münasibətləri heç də hamar olmayıb, Tehranın əlaqələri bəlli çərçivədə nizama salmaq cəhdləri istədiyi nəticəni verməyib. Xüsusən İrandakı əfqan qaçqınları məsələsi və transsərhəd Hirmənd çayının suyundan istifadə üstündə münasibətlərdə vaxtaşırı gərginlik yaşanıb. Bununla belə, "Taliban" hökumətinin beynəlxalq təcrid şəraitində olmasından istifadə edən Tehran Əfqanıstanda iqtisadi təsirini artırmağa nail olub.

Daha ətraflı videomaterialda:

 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər