"Şirkət Rusiya aktivlərinin müsadirəsinə qarşı çıxır və hüquqi mübarizəyə hazır olduğunu bildirir..."
"Le Monde" nəşrinin yazdığına görə, Belçikada yerləşən "Euroclear" depozitarisi Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi ilə bağlı qərar qəbul ediləcəyi halda Avropa Birliyini məhkəməyə verməyi istisna etmir. Sözügedən aktivlərin ümumi məbləği 193 milyard avrodur.
Şirkətin rəhbəri Valeri Urbenin sözlərinə görə, bu pulların hər hansı formada müsadirəsi beynəlxalq hüquqa ziddir və belə addım həm Avropa üçün hüquqi risklər yaradacaq, həm də Moskvanın cavab addımlarına səbəb ola bilər. O, bildirib ki, "bu cür qərar Rusiya üçün məhkəmə iddiası açmaq imkanı formalaşdırır".
Urben qeyd edib ki, hazırda rəsmi iddia hazırlanmasa da, 2022-ci ildən bəri "Euroclear" hüquq bölməsini 10 nəfərdən təxminən 200 nəfərə qədər genişləndirib. Onun sözlərinə görə, Avropa liderlərinin məsələ ilə bağlı səsləndirdiyi siyasi bəyanatlar real hüquqi çərçivədən uzaqdır: "Üç ildir yalnız yüksək səslənən siyasi mesajlar eşidirik".
Hüquqi və maliyyə riskləri Avropa üçün ciddi nəticələr yarada bilər
Rəhbərin sözlərinə görə, hər hansı müsadirə yalnız xüsusi qanun və ya Avrokomissiyanın qərarı ilə mümkün ola bilər və bu qərarı Belçika da təsdiqləməlidir. Urben ən böyük riskin maliyyə balansı ilə bağlı olduğunu bildirib.
Şirkət hazırda Rusiya Mərkəzi Bankına borcludur, aktivlər isə Avropa Mərkəzi Bankında saxlanılır. Urben sual edir: "Əgər pul Ukraynaya yönləndirilərsə və gələcəkdə sanksiyalar ləğv olunarsa, Rusiyaya geri qaytarılacaq 140 milyard avronu kim ödəyəcək?"
Bununla yanaşı, o xəbərdarlıq edib ki, belə addım digər avtoritar rejimlərin də "Euroclear"-da saxlanılan vəsaitlərini geri çəkməsinə gətirə bilər. Xüsusilə Çin və Körfəz ölkələrindən olan investorlar prosesi yaxından izləyir və narahatlıq açıq şəkildə hiss olunur.
Moskvanın cavabı və Avropanın gələcək dilemması
"Le Monde" yazır ki, Rusiyada hazırda "Euroclear" müştərilərinə məxsus 20-40 milyard avro dondurulub və Moskva məhkəmələrində yüzlərlə iddia nəzərdən keçirilir. Hələlik Kreml cavab tədbirlərindən çəkinir, lakin Rusiya aktivlərinin müsadirəsi ilə bağlı Avropada qərar qəbul olunarsa, vəziyyət dəyişə bilər.
Bu arada, Avropa Birliyi daxilində Ukraynaya veriləcək kreditin məhz Rusiyanın dondurulmuş aktivlərindən maliyyələşdirilməsi ilə bağlı fikir ayrılıqları davam edir. Xüsusilə Belçika bu ideyaya qarşı çıxan yeganə ölkə olub və son vaxtlar Avropa Komissiyası alternativ variantlar - ortaq borclanma və ikitərəfli qrantlar üzərində işləyir. Nəşrin qeyd etdiyinə görə, Avropada son korrupsiya qalmaqalları da bu pulların istifadəsinə dair şübhələri artırıb.