Dünya
256
19:55, Bu gün

"Tehran ABŞ və İsraili iyun hücumlarına görə məsuliyyətə cəlb etməyi tələb edir" - "Reuters"

"ABŞ prezidenti Donald Trampın hücumlarda iştirakla bağlı etirafından sonra İran rəsmi şəkildə beynəlxalq hüquqa istinad edir və BMT-dən tədbir gözləyir..."

"Reuters" agentliyinin məlumatıma görə, İran iyun ayında ölkə ərazisinə endirilmiş hava zərbələrinə görə ABŞ və İsrailin məsuliyyət daşımalı olduğunu bildirərək BMT Təhlükəsizlik Şurasına və Baş katibinə rəsmi müraciət göndərib.

Rəsmi məktub 11 noyabr 2025-ci il tarixində İranın xarici işlər naziri Abbas Araqçı tərəfindən BMT-yə təqdim olunub. Müraciət ABŞ prezidenti Donald Trampın 6 noyabr tarixli etirafından sonra edilib. Tramp həmin açıqlamasında deyib: "İsrail ilk hücumu həyata keçirdi. Hücum çox güclü idi və mən vəziyyətə tam nəzarət edirdim".

Tehran bu ifadəni ABŞ-ın hücumlara rəhbərlik etdiyinin açıq sübutu kimi qiymətləndirib və bunun BMT Nizamnaməsinin 2(4)-cü maddəsinin pozuntusu olduğunu vurğulayıb.

İran hücumları "təcavüz aktı" adlandırır

Rəsmi məktubda xatırladılıb ki, İran iyunun 13-dən 24-dək artıq üç dəfə BMT-yə müraciət edərək ABŞ və İsrailin hərbi əməliyyatlarını "vəhşicəsinə həyata keçirilmiş hücumlar" adlandırıb.

İranın məlumatına görə, həmin müddətdə 1100-dən çox mülki şəxs həlak olub, bir sıra kritik infrastruktur, o cümlədən MAQATE nəzarətində olan nüvə obyektləri zərbə altına düşüb.

Tehran iddia edir ki, hücumlar beynəlxalq humanitar hüququ, MAQATE qərarlarını və 1981-ci il BMT Təhlükəsizlik Şurasının 487 saylı qətnaməsini pozub.

"Tramp və digər rəsmilər cinayət məsuliyyəti daşıyır"

Araqçının BMT-yə ünvanladığı məktubda deyilir ki, həm ABŞ rəsmiləri, həm də İsrail rəhbərliyində hücum əmirlərini verən şəxslər "fərdi cinayət məsuliyyəti" daşıyır və mülki əhali, alimlər, jurnalistlər və xəstəxanalar kimi hədəflərə yönəlmiş hücumlar hərbi cinayət hesab edilməlidir. Məktubda ayrıca vurğulanıb: "İran beynəlxalq hüquqa uyğun olaraq zərərin tam kompensasiyasını tələb edir və bütün hüquqi vasitələri istifadə etmək hüququnu saxlayır".

Dialoq çağırışları fonunda kəskin bəyanat

"Reuters" yazır ki, bu müraciət Vaşinqton və Tehran arasında son həftələrdə səslənən diplomatik yumşalma siqnalları ilə ziddiyyət təşkil edir. Tramp ABŞ-ın "diplomatik sazişə açıq olduğunu" bildirib, İran isə yenidən nüvə razılaşması mövzusunu gündəmə gətirib. Hazırda nə ABŞ-ın BMT nümayəndəliyi, nə də Baş katib Quterrişin ofisi məsələ ilə bağlı rəsmi açıqlama verib. 

Bununla İran beynəlxalq səviyyədə yeni hüquqi və diplomatik prosesin başlanması üçün addım atır. Tehran ABŞ və İsrailin məsuliyyətə cəlb edilməsini təkcə siyasi deyil, həm də beynəlxalq hüquqi presedent kimi görür və BMT-nin bu məsələ üzrə mövqe bildirməsini tələb edir.

Moderator.az

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər