Kremlın çarəsiz geosiyasi manevri: Budapeşt mesajının arxasında nə dayanır?
Dünya
442
09:17, Bu gün

Kremlın çarəsiz geosiyasi manevri: Budapeşt mesajının arxasında nə dayanır?

“Budapeşt sammitinə yenə də hazırıq”. Bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
"Əgər Alyaska görüşünün yaxşı nəticələrinə əsaslanarsa, Budapeştdə ikinci Rusiya-Amerika sammitini keçirməyə hazırıq. Lakin hələlik tarix təyin edilməyib. Rusiya-Amerika əlaqələri davam edir", - deyə Lavrov qeyd edib.
Rusiya tərəfinin Budapeşt sammitinə maraqlı görünməsi fonunda Kreml hansı siyasi və ya geosiyasi məqsədləri güdür? Lavrovun belə bir bəyanatı nəyə hesablanıb?
 
Moderator.az-a danışan politoloq Bakir Həsənbəyli deyib ki, oktyabrın 16-da Donald Trampın Rusiya Prezidenti ilə telefon danışığından sonra tərəflərin Macarıstanın paytaxtı Budapeştdə görüşmək barədə razılığa gəlməsindən qısa müddət sonra sammit təxirə salınmışdı:
 
“Çünki həmin vaxt Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə əhəmiyyətli nəticəyə nail olmaq üçün mövqeləri razılaşdırmaq mümkün olmadı. Daha sonra Moskva və Vaşinqton uyğun şərait yaradıldıqda görüşün baş tutacağını vurğuladı. Bir neçə gün öncə Macarıstanın Baş naziri Viktor Orban müsahibəsində Budapeştdə ABŞ-Rusiya sammitinin hələ də gündəmdə olduğunu elan etdi. Orbanın sammitin baş tutmasının mümkünsüz olmadığını iddia etməsindən dərhal sonra Rusiya xarıcı işlər naziri Lavrovun eyni məzmunlu bəyanatı yayımlandı. Rusiya XİN rəhbərinin nəzərləri yenidən ABŞ-Rusiya münasibətlərinə fokslamağı təsadüfi deyil. Lavrov yaxşı bilir ki, bu münaqişə bir nəfərin – prezident Putinin hikkəsinə əsasən davam edir. Çünki Rusiyaya mövcud vəziyyətdə nə ərazi, nə də hər hansı təbii ehtiyatlar lazım deyil. Hələ müharibədən əvvəl Rusiya Statistika Komitəsi bəyan etmişdi ki, ölkə ərazisində 5000 kənd məhz iş yerlərinin və normal yaşam şəraitinin olmaması səbəbindən boşalıb. Rusiya təbii resurslar baxımından dünyada ilk 5-likdədir. Əlindəki imkanlarla öz vətəndaşının daxili miqrasiyasına mane ola bilməyən ölkənin yeni ərazi zəbti normal məntiqlə qəbul edilə bilməz. İşğal etdiyi ərazilərin təbii resurslarından istifadə etmək cəhdinə gəldikdə isə tamamilə dağıdılmış infrastrukturun bərpası üçün on illiklər lazımdır. Putin isə ölümsüz deyil. Deməli hər iki vəziyyətdə Rusiya haqlı durumda deyil. Geriyə bir məsələ qalır. Qlobal güc olduğunu nümayiş etdirmək, dünyanın yeni düzənində əsaslı paya sahib olmaq. Lakin Ukrayna labirinti Rusiyanın iddialarının gerçəkləşməini əngəlləyən ən ciddi amildir. Kreml istəsə belə müharibədən əvvəlki vəziyyətini belə tezliklə bərpa edə bilməz. Lakin siyasətdə “maksimum istə ki, minimuma nail olasan” prinsipi həmişə olub. Lavrovun bəyanatı AB-nin 20-ci sanksiya paketinin ilkin müzakirəsi, Tarmpın uzaqmənzilli raketləri hər an  Ukrayna təhvil verə bilməsi təhlükəsi fonunda verilib. Rusiya XİN rəhbəri bilir ki, müharibə iqtisadi sferada ölkəsinin daxilinə nüfuz edib. Sadə rus bunu artıq bir neçə ildir ki, öz yaşamında hiss edir. Müharibənin hərbi anlamda Rusiyanın dərinliklərinə nüfuz etməsi isə daxildə ciddi vətəndaş etirazlarının olmasına səbəb ola bilər. Və bu hal geriyə dönüşü olmayan proseslərlə müşayət olunar”.
 
Mehin Mehmanqızı
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər