"Pekin 2030-cu ilə qədər süni intellekt sahəsində lider olmağı hədəfləyir..."
"The Wall Street Journal" nəşri yazır ki, süni intellekt sahəsində Çin və ABŞ arasında gizli, lakin sərt bir "soyuq müharibə" gedir. Hər iki tərəf milli texnoloji startapları dəstəkləyir, amma bu yarış insanlığa həm böyük inkişaf, həm də potensial fəlakət gətirə bilər.
Çinin gecikmiş startı və dövlət səfərbərliyi
2023-cü ilin əvvəlində Çin şirkətləri generativ süni intellektdə ABŞ-dan xeyli geri qalırdı. Pekin bunun səbəbini yüksək keyfiyyətli süni intellekt çiplərinin ixracına qoyulan Amerika məhdudiyyətlərində görürdü. 2024-cü ilin yazında isə Çin hökuməti texnologiya rəhbərlərinə təzyiqi artırdı - bir ayda onlarla dövlət qurumundan zəng alaraq, yerli İİ modellərinin hazırlanmasını sürətləndirməyi tələb etdilər.
Bu səfərbərlik nəticəsində "DeepSeek" adlı startap ilin sonunda öz modeli ilə diqqət çəkdi. Baş nazir Li Tsyan bunu "Çinin qürur mənbəyi" adlandırdı. Bu uğur Pekində texnoloji özünəinamı artırdı, amma ABŞ da geri qalmadı - "OpenAI" və "Google" kimi nəhənglər yeni məhsullarla mövqelərini qorudular.
Yeni "soyq müharibə" atmosferi
Süni intellekt yarışının miqyası artıq kosmik yarış dövrünü xatırladır. Yarış həm ABŞ, həm də Çin birjalarına güc verir, amma eyni zamanda "süni intellekt köpüyü" qorxusu yaradır. Mütəxəssislər xəbərdarlıq edir ki, bu sahədəki məsuliyyətsiz rəqabət feyklərin, dezinformasiyanın və insan dəyərlərinə zidd sistemlərin yaranmasına gətirib çıxara bilər.
ABŞ vitse-prezidenti Vensin sözləri ilə desək, "Süni intellektin gələcəyi təhlükəsizliklə bağlı çaxnaşma üzərində qurula bilməz". Vaşinqtonda Çin "avtoritar süni intellekt" modeli ilə ABŞ-ın texnoloji üstünlüyünü sarsıdacağı qorxusu artır. Pekin isə inanır ki, əgər süni intellektdə geridə qalarsa, ABŞ onun dünya gücü statusuna çatmasının qarşısını daha asan ala bilər.
2030 hədəfi: "Milli bulud" və texnoloji müstəqillik
Çin 2017-ci ildə süni intellekt üzrə milli strategiyasını açıqlayıb və məqsədini aydın qoyub - 2030-cu ilə qədər bu sahədə qlobal lider olmaq. Bunun üçün "vətənpərvər süni intellekt kampaniyası" başlanıb: Daxili Monqolustanda Günəş və külək enerjisi ilə işləyən nəhəng data-mərkəzlər tikilir, "milli bulud" adlanan vahid hesablama sistemi formalaşdırılır.
Pekin həmçinin "Huawei" və "ByteDance" kimi şirkətləri yerli çiplərlə işləməyə məcbur edir, çünki ABŞ-ın ixrac məhdudiyyətləri hələ də qalır. "Huawei" artıq milyonlarla çipi birləşdirən sistemlər üzərində işləyir və "su daşı daşdan oyur" prinsipi ilə ABŞ-ın texnoloji üstünlüyünü zəiflətməyə çalışır.
Ekspertlərin fikrincə, Çin texnoloji müstəqillik yolunda irəliləsə də, hələ ən azı 10 il geridədir. Amma "DeepSeek effekti" göstərdi ki, Pekin vaxt itirmədən və öz metodları ilə ABŞ-ı təqib etməyə davam edəcək. Bu dəfə yarış yalnız texnologiyalar uğrunda deyil, insanlığın gələcəyi uğrundadır.