Dünya
213
18:50, Bu gün

"Tramp və "Epşteyn dosyesi": yeni sənədlər köhnə kölgələri oyadır" - "Reuters"

"Yeni sənədlər Tramp-Epşteyn əlaqələrini yenidən gündəmə gətirib və Vaşinqtonda siyasi gərginliyi daha da artırıb..."

Köhnə dostluq və yeni ittihamlar

"Reuters" agentliyinin yaydığı məlumatda deyilir ki, ABŞ demokratları Konqresdə Donald Trampın adı ilə bağlı yeni "sızdırılmış" materiallar açıqlayıb. Bu dəfə söhbət cinsi cinayətlərdə ittiham olunmuş, sonradan həbs kamerasında intihar edən milyarder Ceffri Epşteyndən gedir. Nəşr edilən sənədlər arasında onun keçmiş köməkçisi Qisleyn Maksvellə və yazıçı Maykl Vulfla yazışmaları yer alır.

Epşteyn bu məktublarda Trampdan "hürməyən it" kimi danışır və onun evində "bir neçə saat" vaxt keçirdiyini qeyd edir. Demokratlar iddia edir ki, həmin evdə olan qızlardan biri Epşteynin qurbanlarından biri olub. Digər məktublarda isə Epşteyn Trampın "hər şeyi bildiyini" və Maksveli "dayandırması üçün" danışdığını yazır.

Tramp isə bu iddiaları tamamilə rədd edib. O, Epşteynlə bir vaxtlar tanış olduğunu, lakin illər əvvəl onun davranışına görə klubundan qovduğunu bildirib. Ağ Evin sözçüsü Kerolayn Livitt Demokratların "prezidentin tarixi nailiyyətlərini kölgədə qoymaq üçün saxta kompromat yayımladığını" bəyan edib.

Məsələyə qarışan əsas fiqurlardan biri - Epşteynin ən tanınmış qurbanı sayılan Virciniya Cuffre bu ilin əvvəlində intihar edib. O, 2021-ci ildə Britaniya şahzadəsi Endryuya qarşı məhkəmə iddiası qaldırıb, nəticədə şahzadə bütün titullarından məhrum edilib.

Moskvanın izi və sirli yazışmalar

"Politico" nəşrinin yayımladığı digər sənədlər isə məsələyə gözlənilməz istiqamət verir. Məlum olur ki, 2018-ci ildə, Tramp və Putin arasında Helsinkidə keçirilən sammitdən az əvvəl Epşteyn Rusiya tərəfinə mesaj ötürməyə çalışıb.

"Əgər Trampı anlamaq istəyirsinizsə, mənimlə danışın", - o, Norveçin sabiq baş naziri, o dövrdə Avropa Şurasının rəhbəri olan Torbyorn Yaqlanda yazıb. Epşteyn məktubda Lavrovla birbaşa əlaqə qurmaq istədiyini bildirib. Hətta daha öncə Rusiyanın BMT-dəki səfiri Vitali Çurkinlə Tramp barədə söhbət etdiyini də qeyd edib.

Sonradan o, Helsinkidəki görüşü "dəhşətli" adlandırıb və Trampın "rəqibini heyran etdiyini düşündüyünü" yazıb. Epşteynin fikrincə, Tramp "nə simvolizmi, nə də beynəlxalq siyasəti başa düşür".

Eyni yazışmalarda Epşteyn keçmiş prezidentin müşaviri Stiv Bennonla da təmasda olub. O, Bennona "Avropada təsirli olmaq üçün fiziki olaraq orada qalmaq" tövsiyəsini verib və "uzaqdan siyasət aparmaq mümkün deyil" deyib.

Sonsuz qalmaqal və bitməyən suallar

Epşteyn işi artıq onilliyin ən qalmaqallı cinayət hadisələrindən biri kimi tarixə düşüb. Onun adı ilə B. Klinton, Tramp, şahzadə Endryu, eləcə də Hollivud və maliyyə dairələrinin tanınmış simaları çəkilir. Demokratların son açıqlaması Vaşinqtonda siyasi qarşıdurmanı daha da qızışdırıb.

Respublikaçılar bunu "siyasi teatr” adlandırır, demokratlar isə Trampın "əxlaqi etibarsızlığının sübutu" kimi təqdim edirlər. Amma bir həqiqət dəyişməz qalır: Ceffri Epşteyn artıq yoxdur, amma onun kölgəsi Amerika siyasətindən hələ çox asanlıqla çəkilməyəcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər