Fələstinin HƏMAS hərəkatı Qəzza bölgəsində nizamlanma üçün konstruktiv addımlar atmağa hazır olduğunu nümayiş etdirir və İsrail də eyni şeyi etməlidir.
Moderator.az-ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada misirli həmkarı Bədr Əbdül Ati ilə birgə mətbuat konfransında bildirib.
"Qəzzadakı aktual vəziyyəti ətraflı müzakirə etdik. HƏMAS atəşkəs rejiminin daimi olması üçün konstruktiv addımlar atmağa hazır olduğunu nümayiş etdirir. Eyni anlayış İsrail tərəfindən də nümayiş etdirilməlidir. Biz bir daha İsraili Qəzzaya humanitar yardımın çatdırılması üçün bütün maneələri aradan qaldırmağa və bütün sərhəd məntəqələrini açmağa çağırırıq", - deyə Fidan bildirib.
Qəzzaya xarici qüvvələrin göndərilməsinə dair BMT Təhlükəsizlik Şurası qətnaməsinin hazırlanması prosesi barədə danışan Fidan qeyd edib ki, iş davam edir və hələ razılaşdırılması lazım olan bir sıra məqamlar var.
"Yaxın perspektivdə bu sabitləşdirmə qüvvələrinin mandatını, yerlərdəki məsuliyyət sahələrini dəqiqləşdirmək lazımdır. Eyni şəkildə bölgəyə rəhbərliyi üzərinə götürəcəyi gözlənilən Qəzza idarəetmə komitəsi və "Sülh Şurası"nın fəaliyyətinin hüquqi və siyasi çərçivələrini də dəqiq müəyyən etmək lazımdır. Bu prosesdə iştirak edən ölkələrlə, xüsusilə də Misir ilə bu məsələlərlə bağlı davamlı və intensiv məsləhətləşmələri davam etdiririk", - deyə Türkiyənin XİN başçısı bildirib.