Dünya
217
17:55, Bu gün

"Pokrovsk dağıntıları Putinin müharibəsinin əsl mahiyyətini üzə çıxarıb" - "The Wall Street Journal"

"Donbas uğrunda döyüşlər Kreml üçün ərazi deyil, imperiya iddiasının müharibəsidir..."

Dağıntılar içində gizlənən məqsəd

"The Wall Street Journal" nəşri yazır ki, Pokrovskda rus əsgərlərinin sayı müdafiəçiləri üstələdiyi vaxt şəhər artıq viran qalmışdı. Küçələrdə cansız bədənlər, yanmış evlər və xarabalığa çevrilmiş binalar - bu mənzərə Putinin Ukraynaya qarşı müharibəsinin əsl simasını göstərir. Məsələ ərazi qazanclarında deyil, Rusiyanın tarixi gücünü və imperiya nüfuzunu bərpa etməkdədir.

Analitiklər qeyd edir ki, ABŞ prezidenti Donald Trampın atəşkəs çağırışları və kompromis təşəbbüslərinə baxmayaraq, Moskva geri çəkilmir. "Putin torpaq üçün deyil, tarix və simvollar uğrunda döyüşür", -  ekspertlər bildirir. ABŞ-ın keçmiş səfiri Uilyam Kortni isə bu vəziyyəti istehza ilə belə ifadə edib: "Tramp problemin həllini axtarır, Putin isə sanki I Pyotr və Yekaterina ilə məsləhətləşir. O, imperiya kateqoriyaları ilə düşünür".

Tarixi iddialar və ideoloji müharibə

Putin hələ 2021-ci ildə yazdığı məqalədə ruslar və ukraynalıları "bir xalq" adlandırmış, Ukraynanı isə "Leninin yaratdığı dövlət" kimi təqdim etmişdi. Müharibədən az əvvəl o, eyni fikri təkrarlayaraq demişdi: "Ukrayna bizim üçün sadəcə qonşu deyil, tariximizin ayrılmaz hissəsidir".

Kreml rəhbəri üçün SSRİ-nin dağılması "XX əsrin ən böyük geosiyasi faciəsi" idi və bu müharibə həmin "itirilmiş tarixi rolu" bərpa etməyin cəhdidir. Hərbi analitik Ruslan Puxovun sözlərinə görə, "Putin bu müharibəni "soyuq müharibə"nin nəticələrini ləğv edib, Rusiyaya yenidən böyük dövlət statusu qaytarmaq üçün aparır".

Diplomatik oyunlar və dalana dirənən sülh

Tramp və Putin arasında Alyaskadakı görüş Rusiyada "iki supergücün bərabərliyi" kimi təqdim olundu. Lakin nəşr qeyd edir ki, Kreml üçün əsas məqsəd sülh deyil, Qərbin Rusiya ilə eyni səviyyədə davranmasıdır. Donbas üzrə danışıqlar nəticəsiz qaldı: Moskva Ukrayna ordusunun sayının azaldılmasını, Kiyev isə təhlükəsizlik təminatlarını tələb edirdi.

Zelenski Trampı xəbərdar etmişdi: "Putin Donbasla kifayətlənməyəcək. Onun məqsədi inzibati sərhədlər deyil". Eyni zamanda Kreml Trampın ətrafına təsir göstərmək, biznes təklifləri və sanksiyaların qaldırılması ilə təzyiq qurmaq cəhdlərinə əl atdı. Danışıqlar isə getdikcə nüvə ritorikasına çevrildi - Moskva 15 saatlıq nüvə başlıqlı raket sınağı keçirdikdən sonra Tramp sərt reaksiya verdi: "Müharibə bir həftəlik olmalı idi, amma artıq dörd ildir davam edir".

Pokrovsk dağıntılar içində

Nəşt xatırladır ki, rus ordusu dumanın arxasında Pokrovska motosikllər və yüngül texnika ilə daxil olub. Ukrayna qüvvələrinin şəhəri təmizləmək cəhdləri gecikib və vəziyyəti dəyişməyib. Moskva artıq bir ildir planlaşdırılan "tam nəzarəti" bərqərar etmək istəyir, dağıdılmış küçələrə yeni canlı qüvvə göndərir, dronlarla Ukraynanın təchizat xətlərini kəsir.

Qış yaxınlaşır - bu, həm cəbhədə, həm diplomatik masada həlledici mərhələ olacaq. Pokrovskın xarabalıqları isə Putinin "imperiya müharibəsi"nin ən qaranlıq simvoluna çevrilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər